Möhtərəm cənab Prezident!
Biz Azərbaycanın dövlət və özəl studiyalarında animasiya kinosu sahəsində çalışırıq, uşaqlar və böyüklər üçün multfilmlər çəkirik. Biz animasiya haqqında kitablar yazır, dissertasiyalar müdafiə edir, sənədli filmlər çəkir və Bakıda ANİMAFİLM beynəlxalq animasiya festivalları keçiririk.
Biz – uşaqlar milli cizgi filmlərinə baxmağı sevirik.
Möhtərəm cənab Prezident!
Ötən əsrin 30-cu illərində meydana gəlmiş Azərbaycan animasiyasının çox zəngin tarixi var. 70-80-90-cı illərin milli multfilmlərinə hələ də yeni nəsillər maraqla tamaşa edir. Bizim animasiya dəfələrlə dünya ölkələri üzrə beynəlxalq festivallarda təmsil olunub.
Təəssüf ki, Azərbaycan animasiyası bu gün acınacaqlı durumdadır. Ölkəmizdə animasiya sahəsində ali təhsil yoxdur, bizdə bir ildə cəmi 1-2 qısametrajlı cizgi filmi çəkilir ki, o da geniş tamaşaçıya gedib çatmır. Uzun müddət idi ki, bizdə beynəlxalq animasiya festivalları belə keçirilmirdi.
Bizə – animasiya sahəsinin işçilərinə professional təhsil lazımdır.
Biz – uşaqlar öz dilimizdə cizgi filmlərinə baxmaq və öz ölkəmiz və dünya haqqında çox şey öyrənmək istəyirik.
Möhtərəm cənab Prezident! Xahiş edirik, milli animasiyanın böhranlı vəziyyətinə diqqət edəsiniz.
Xahiş edirik, müvafiq orqanlara ölkə universitetlərində animasiya kinosu kafedra və fakültələrinin yaradılmasına sərəncam verəsiniz.
Xahiş edirik, animasiya filmlərinin çəkilişinə daha artıq vəsait ayrılmasına sərəncam verəsiniz.
Xahiş edirik, Bakıda keçirilən beynəlxalq animasiya festivallarını himayə edəsiniz, çünki artıq ikinci ildir ki, belə bir festival vətəndaş təşəbbüsləri hesabına keçirilir.
Hörmətlə,
(Qol çəkmiş insanların siyahısını buradan yükləyə bilərsiniz)