Bakıda 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.
Builki ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir. Bu il əyləncə xarakteri daşıyan müsabiqə proqramı nümayiş etdirilməyib, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qaldı.
III ANİMAFİLM Festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Nancy Danney-Phelps (Belçika), Aaron Wood (İngiltərə), Olivier Catherin (Fransa), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Mohammed Zare və Rana Vaezi (İran), Şamil Nəcəfzadə və Oleq Səfərəliyev (Azərbaycan) kimi peşəkarlardan ibarət olub. Builki festivalda 31 uşaqdan ibarət xüsusi münsiflər heyəti fəaliyyət göstərib.
Uşaq münsiflər heyətinin koordinatoru və təlimçisi Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac festival çərçivəsində uşaq münsiflər heyəti üçün bullinq mövzusunda onlayn və canlı olaraq üç teatr təlimi keçdi.
Oktyabrın 14-də – festivalın açılış mərasimində Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Qızıl Qayıq mükafatı təqdim edilib. Builki mükafata rejissor Hafiz Əkbərov layiq görülüb.
Açılış mərasimində Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov da iştirak edib, animasiya filmlərinin maliyyələşdirilməsi istiqamətində problemlərin həll edilməsi üçün tez bir zamanda yeni mexanizmlərin işlənib tətbiq ediləcəyinin anonsunu verdi.
Açılış mərasimində, həmçinin, Çexiya Respublikasının səfir müavini Daniel Putik, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və III ANİMAFİLM Festivalının uşaq münsiflər heyətinin üzvü Nurcahan Məmmədli çıxış etdilər.
Çexiya Respublikasının Azərbaycandaki səfirliyinin dəstəyi ilə gənc animasiya həvəskarları üçün nəzərdə tutlan 2 günlük “Stop motion animasiyası və kukla armatur skeleti” adlı intensiv ustad dərsləri II ANİMAFİLM-in qalibi, Tələbə Oscar qalibi Daria Kashcheeva tərəfindən həyata keçirildi.
Oktyabrın 18-də festivalının bağlanış mərasimində qaliblər elan olundu. Qaliblər Fransanın məşhur Annecy Festivalına səyahət və qiymətli fotoaparat ilə mükafatlandırılıblar.
Bağlanış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin səfiri Kestutis Yankauskas, Fransız İnstitunun direktoru Jerom Kel və Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino məktəbinin direktoru, III ANİMAFİLM Festivalının Beynəlxalq münsiflər heyətinin üzvü Oleq Səfərəliyev yerli kateqoriyalar üzrə qalibləri elan etdilər.
Bağlanış Mərasimində, həmçinin, III ANİMAFİLM Festivalının tərəfdaşları, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin idarə heyətinin sədri Nail Axundzadə və Toxum kraudfandinq platformasının həmtəsisiçi Toğrul İsmayılov çıxış etdilər.
Bağlanış mərasiminin sonunda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalın təsisçi, “PERİ FİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün komandaya, tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, MR Chemical şirkətinə, Salaam Sinemaya, “Mücrü” nəşriyyatına, “Çinar Yayımları” nəşriyyatına və Toxum.org kraudfandinq platforması vasitəsilə builki festivalın həyata keçməsində yardım göstərmiş 28 dəstəkçiyə dərin təşəkkürünü bildirdi.