“Avatar 2” o qədər baha başa gəlib ki, o öz xərcini ödəmək üçün “tarixdə ən çox gəlir gətirən dördüncü və ya beşinci film” olmalıdır.
“Avatar: Suyun Yolu” neçəyə başa gəlib? İlkin hesabatlarda təkcə istehsal xərclərinin 250 milyon dollaradək olduğu iddia edilirdi, lakin rejissor James Cameron hələlik dəqiq bir rəqəm açıqlamayıb. “GQ ” jurnalının sikvelin (filmin davamı – red.) büdcəsi ilə bağlı sualına Cameron belə cavab verib: “Lənət olsun, çox baha”.
Cameron “Disney” və “20th Century Studios” rəhbərlərinə sikvelin büdcəsinin olduqca böyük və “görünür, film tarixində ən bədnam biznes hadisəsi” olduğunu söyləyib. Rejissor sonra qeyd edib ki, “tarixdə ən çox gəlir gətirən üçüncü və ya dördüncü film olmalısan ki, zərər etməyəsən.”
Dünya üzrə ən yüksək gəlir gətirən filmlərin cari sırasında (inflyasiya nəzərə alınmasa), Cameronun 2009-cu ildə çəkdiyi orijinal “Avatar” filmi 2,9 milyard dollarla birinci yerdədir. Disneyin “Qisasçılar: Oyunun sonu” 2,7 milyard dollarla ikinci, Cameronun “Titanik” filmi isə 2,1 milyard dollarla üçüncü yerdədir.
Orijinal “Avatar” təkcə ABŞ-da 785 milyon dollar gəlir əldə edib və inflyasiya nəzərə alınmasa ABŞ-ın bütün zamanların kassa toplama reytinqində dördüncü yerdədir. Beşinci yerdə isə 716 milyon dollarla “Ən yaxşı nişançı: Maverick” gedir.
“Avatar: Su yolu” dekabrın 16-da kinoteatrlara çıxacaq.