Press-reliz
Hörmətli media və KİV nümayəndələri!
Böyük Britaniyada fəaliyyət göstərən Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə biz “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verdik.
Söhbət hələ 1969-cu ildə çəkilmiş “Cırtdan” adlı filmin müasir üsullarla restavrasiyasından gedir.
“Azərbaycan animasiyası” kitabında bu film barədə aşağıdakılar yazılıb:
“Cırtdan” (1969) filminin rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyevdir. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı ola bilər”.
Qeyd edək ki, bütün restavrasiya prosesi təxminən üç il çəkdi, bu ilin sentyabrında bitdi; və bərpa olunmuş “Cırtdan”ın 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası oldu. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb, beləliklə, onun digər beynəlxalq film festivallarında da diqqət çəkəcəyi açıq-aşkardır.
Film haqqında əlavə məlumatları aşağıdakı linkdən oxuya buradan bilərsiniz.
“Klassiki” platformasında siz, həmçinin, mürəkkəb bərpa prosesini izləməyə imkan verən 4 dəqiqəlik restavrasiya gündəliyini də buradan tapa bilərsiniz.
Bu layihəni həyata keçirən bütün insanlara səmimi təşəkkürümüzü bildiririk:
– Rüfət Həsənov, Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri – qeyri-mümkün olanı mümkün etdiyi üçün;
– Daniel Bird, prodüser-restavrator və kino tarixçisi – baxışlarına və fədakarlığına görə;
– Justine Waddell, Kino Klassika Fondunun rəhbəri – bu layihəyə inandığı və onu reallaşdırdığı üçün;
– Łukasz Ceranka, Andrzej Łucjanek və bütün FixaFilm komandasına – əla texniki icraya görə;
– Elçin Hami Axundova – rəng korreksiyası prosesinə nəzarət etdiyi üçün;
– Azərbaycan Dövlət Film Fondunun kollektivinə – milli kino irsinin qorunub saxlanmasına və göstərdiyi köməyə görə;
Sonda qeyd etmək istərdik ki, biz bu restavrasiyanı “Cirtdan”ın layihə rəhbəri olmuş və sonralar Azərbaycanın ən görkəmli animasiya rejissorlarından birinə çevrilmiş Hafiz Əkbərova həsr etmək istərdik. Təəssüf ki, o, bu ilin martında dünyasını dəyişdi.
Hörmətlə,
Rəşid Ağamaliyev
Azərbaycan Animasiya Assosiasiyasının sədri
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru
Saytdakı materiallardan istifadə edildikdə istinad mütləqdir. Material vebdə istifadə edildikdə müvafiq linkin qoyulması mütləqdir.