2023-cü ilin yanvarın 10-da Azərbaycanın tanınmış kult animasiya rejissoru, bir sıra yerli və beynəlxalq mükafatlar laureatı, rəssam-animator Məsud Abbas oğlu Pənahinin 80 yaşı tamam olur.
Məsud Pənahi 10 yanvar 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. Onun atası Azərbaycanın görkəmli yazıçısı – “Səttarxan”, “Gizli zindan”, “Xiyabani” kimi tarixi romanlar müəllifi Abbas Pənahi Makuludur (1900-1971).
Məsud Pənahi 1946-cı ildə hələ 3 yaşında olarkən qəddar şah rejiminin repressiyalarından qaçan ailəsi ilə birgə Bakıya köçür.
Artıq gənc yaşlarından rəssamlığa meyl edən Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirir. Və o zamanlardan Məsud Pənahinin uzun yaradıcılıq yolu başlayır.
O, rejissor və quruluşçu rəssam kimi “Pıspısa xanım və Siçan bəy” (“Tıq-Tıq xanım”) (1974) adlı animasiya filmi ilə məşhurlaşıb. Həmin animasiya filminin təsiri altında az qala iki nəsil yetişib. Bu filmi bir sıra səbəblərdən, bəlkə də, Azərbaycanın 1 nömrəli animasiya filmi hesab etmək olar. Film o qədər məşhurdur ki, filmin qəhrəmanı Tıq-tıq xanımın ifa etdiyi mahnını əslində kimin ifa etdiyi Azərbaycan şou biznesində uzun illər ciddi mübahisə predmeti olmuşdur. Rejissorun özündən isə bu film barədə soruşanda o təvazökarlıqla belə demişdi:
Biz filmi çəkəndə bunu özümüzə böyük bir problem eləməmişdik, biz istəyirdik ki, bir dənə yaxşı mahnılı bir nağıl edək… Bu nağıl qədimdir, hər kənddə, hər şəhərdə, hətta Cənubi Azərbaycanda bunu ayrı cürə danışırlar, mən də bunu belənçi danışmışam…
Məsud Pənahinin rejissor, quruluşçu rəssam və ssenari müəllifi olduğu “Bulud niyə ağlayır?” (1973), “Dınqıl sazım, dınqıl” (1976), “Qız qalası əfsanəsi” (1978) və başqa maraqlı filmləri də geniş auditoriyaya tanışdı.
Pənahi 1973-1979-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib.
1979-cu ildən M. Pənahi Almaniyada yaşayır, hazırda Almaniya vətəndaşıdır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan yuxarı animasiya filminin çəkilib hazırlanmasında iştirak edib. Lakin o, Almaniyada yaşayarkən də vətənlə şəxsi, həmçinin, yaradıcılıq əlaqələrini kəsməyib, Onun vətənpərvərlik mövzusunda yaradıcılıq işlərindən birini – Berlində 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmini buna misal çəkmək olar.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub.
Məsud Pənahi Azərbaycanda artıq 5-ci dəfə keçirilən beynəlxalq animasiya festivallarında aktiv iştirak edərək, öz təcrübəsini animasiya peşəsini özünə sənət seçmiş gənclərlə bölüşür.
Məsud Pənahinin ən son işi – hazırda pre-production mərhələsində olan “Nərgiz” adlı qısametrajlı animasiya filmidir. Filmin əsas maarifləndirici məqsədi işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu bir daha diqqətə çatdırmaqdır.
Müəllif:
Rafiq Məmmədli, Azərbaycan Animasiya Assosiasiyasının üzvü, mammadli@yahoo.com
Saytdakı materiallardan istifadə edildikdə istinad mütləqdir. Material vebdə istifadə edildikdə müvafiq linkin qoyulması mütləqdir.