UPDATE: Müraciət müddəti 21.03.2023 tarixinə qədər uzadılmışdır.
Ötən ildə yerli sənədli film sferasına bir neçə gənc sənədli film rejissorunun daxil olmasına nail olan KinoLab bu il də yeni proqram qəbulu elan edir.
KinoLab Azərbaycanın dörd bir yanından sosial mövzulu sənədli film layihələri üzərində çalışan rejissorlara layihələrinin erkən inkişaf mərhələlərindən başlayaraq dəstək olur. Proqramın icraçı direktoru Oktay Namazov bildirir ki, “gənc və yeni başlayan sənədli film rejissorları üçün əlimizdən gələni etməyə çalışmışıq. İlk ildən məzunlarımızın yerli film festivallarında qalib olması, beynəlxalq sənədli film məktəblərinə dəvət olunması Kinolabın qısa fəaliyyətinin nəticəsidir”.
Tədris proqramı ərzində iştirakçılar beynəlxalq təlimçilər, təcrübəli rejissorlar ilə birgə üç aylıq bir təlimə qoşulur. Bu müddət ərzində bir neçə mərhələdə fərqli mütəxəssislərdən təlimlər, ustad dərsləri, film istehsal laboratoriyası və sairdə iştirak edən gənc rejissorlar film istehsalı üzrə onlara gərəkli olan bütün ilkin prosesdən keçə bilirlər. Təlim proqramı bir çox beynəlxalq mükafatlar laureatı olan rejissor, kurator, və təcrübəli təlimçi Nino Orconikidzenin rəhbərliyi ilə keçiriləcək. Onun mentorluğu ilə yanaşı qonaq məruzələri, montaj və pitçinq təlimləri layihənin təkmilləşməsində kömək olacaq. Proqramın son mərhələsində iştirakçıların hər biri jüri qarşısında öz layihəsinin pitçinqini keçirmək şansı əldə edir. Pitçinqin qalibi layihəsinin gələcək inkişafına dəstək məqsədilə 500 USD həcmində pul mükafatı alacaq.
KinoLab innovativ, müyəssər və sosial reallığı sorğulayan qeyri-bədii hekayələr axtarışındadır, eyni zamanda, artıq inkişaf mərhələsində olan layihələrlə də işləməyə açıqdır. Sənədli filmin sərhədlərini sorğulayan yanaşmalarla işləmək maraqlı hesab edilsə də, sırf bədii filmlər qəbul edilməyəcək.
Müraciət forması və şərtlər üçün Kinolab.az saytına keçid edə bilərlər.
Qeyd edək ki, təlimlər tamamilə ödənişsizdir.