ANIMAFILM School 6-10 sentyabr 2023-cü il tarixlərində Bakıda animasiya müəllifləri üçün “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı təşkil edəcək.
Proqrama yeddi müəllif müraciət edib, beş müəllif vörkşopda iştirak etmək hüququ qazanıb:
1) Nərmin Quliyeva
2) Leyla Novruzova
3) Zəhraxanım Quluzadə
4) Aygün Baxşiyeva
5) Mehriban Əliyeva
Peşəkar treninqi üç animasiya mütəxəssisi aparacaq: İsveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva.
Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.
Vörkşop Bakıda – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino məktəbi”ində keçiriləcək. Layihə iştirakçıları, həmçinin, “Gender Hub Azerbaijan”ın təşkil edəcəyi qadın haqları və inklüzivliyə yönəlmiş müvafiq təlimlərdən keçəcəklər.
Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında ictimaiyyətə təqdim (pitç) edəcəklər.
Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq. Mükafat fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.
Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara (həm qadınlara, həm də kişilərə) öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.
Layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir. Layihənin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, “PERİ FİLM” şirkəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Gender Hub Azerbaijan”dır.