“Tarix” qısametrajlı animasiya filmi Portuqaliyada keçirilən, “Oscar” Mükafatına və Kanada Ekran Mükafatlarına klassifikasiyalı 47-ci CINANIMA – INTERNATIONAL ANIMATED FILM FESTIVAL OF ESPINHO festivalının “Grand Panorama” proqramına seçilmişdir.
Noyabrın 13-dən 19-dək keçiriləcək festival çərçivəsində “Tarix” filminin eyni zamanda Portuqaliya məktəblərində azyaşlı uşaqlar üçün nümayişi təşkil olunacaq.
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində Nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunmuş “Tarix” filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Film birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan öncə Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”da, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”da (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”da (Nominant), Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”da, Qazaxıstanda 3-cü “Altın Saka” Beynəlxalq Animasiya Filmləri Festivalında (Qalib) və İtaliyada 3-cü “Festival del Cinema di Cefalu” Festivalında (Nominant) iştirak edərək ölkəmizi təmsil etmişdir.