Azərbaycan Animasiya Assosiasiyasının anima.az saytı ilk dəfə olaraq builki NETTY 2023 – Azərbaycan Milli İnternet mükafatlandırma müsabiqəsində nominant olaraq iştirak edir.
netty.az saytının yaydığı məlumata görə, NETTY 2023 Azərbaycan Milli İnternet mükafatının bütün nominantları artıq müəyyən edilib. Anima.az saytı “Mədəniyyət və incəsənət” kateqoriyası üzrə müsabiqədə iştirak edir.
Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsinə görə mükafatın nominantları olan saytlar, səhifələr və tətbiqlər seçilib. Nominantların yekun siyahısı ilə https://netty.az/ saytında tanış olmaq olar. Müsabiqənin əsas qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası adlı seçim komissiyası səsverməyə başlayıb. Daxili səsvermə əsasında seçim komissiya mövcud nominasiya kateqoriyalarının hər birindən bir qalibi müəyyən edəcəklər.
Qaliblər 2023-cü il dekabrın 18-ində təntənəli mərasimdə elan ediləcək.
Qeyd edək ki, Azərbaycanın İnternet mükafatı olan NETTY 2004-cü ildə təsis olunub və bu il 18-ci dəfədir ki, keçirilir.
NETTY hər il IT sahəsində Azərbaycanın əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual İT layihələri müəyyən edir və mükafatlandırır.
Bu ilki mükafatlandırma 3 nominasiya (vebsaytlar, tətbiqlər və utilitlər və sosial kanallar və səhifələr) və 9 kateqoriya (Dövlət və e-hökumət, Sosial məsuliyyət və cəmiyyət, Biznes və sahibkarlıq, Maliyyə, bankçılıq və fintech, Elektron ticarət və kommersiya, Elm, təhsil və innovasiya, Səhiyyə, idman və turizm, İnformasiya və xəbərlər, Mədəniyyət və incəsənət) üzrə keçirilir. Hər bir kateqoriyada 3 iddiaçı olmaqla cəmi 27 nominant mübarizə aparır.