Baxış sayı: 1. 158
Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Yaradıcı Ekosistem və Sənaye (YES) Mükafatı” üçün müraciətlərin qəbuluna başlanılıb.
Mükafat yaradıcı sənaye sektorunun əhəmiyyətinin artırılması, sənaye nümayəndələrinin fəaliyyətinin daha geniş tanıdılması, mədəniyyət sahəsində sahibkarlığın inkişafının təşviq edilməsi və istedadlı şəxslərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə təsis edilib.
Mükafatın təqdim edilməsi müsabiqə əsasında həyata keçiriləcək. Müraciətlər mədəniyyət və yaradıcı sənayelərin (bundan sonra MYS) yaradıcı klasterləri (kino, animasiya, teatr, ədəbiyyat, dizayn, təsviri sənət, tətbiqi sənət/əl işləri, rəqs, musiqi, kulinariya, oyun texnologiyaları, mədəniyyət sahəsində startaplar (cultech)) üzrə 6 nominasiyada qəbul olunur:
- “İlin biznes təşəbbüsü” – Son 1 il ərzində yeni biznes modelinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikasında təsis edilmiş və MYS sahəsində fəaliyyət göstərən biznes subyektlər arasından seçilir;
- “İlin innovativ layihəsi” – Son 1 il ərzində Azərbaycan Respublikası sərhədləri daxilində başladılan və (və ya) böyük hissəsi ölkə daxilində keçirilən, ölkədə MYS-nin innovativ inkişafına töhfə verən və faktiki fəaliyyət nəticələri olan layihələr arasından seçilir;
- “İlin yaradıcı məkanı” – Son 1 il ərzində yaradıcı icmaların formalaşmasına və yaradıcı fəaliyyətin həyata keçirilməsinə şərait yaradan məkanlar arasından seçilir;
- “İlin mühüm hadisəsi” – Son 1 il ərzində ölkədə və (və ya) ölkə xaricində keçirilən Azərbaycan Respublikasında MYS-nin inkişafına töhfə verən əhəmiyyətli hadisələr (tədbirlər) arasından seçilir;
- “İlin ekosistem oyunçusu” – Son 1 il ərzində ölkədə MYS-nin inkişafına töhfə verən fəaliyyətinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş təsisatlar (hüquqi şəxslər), həmçinin fiziki şəxslər arasından seçilir;
- “Xüsusi mükafat” – Münsiflər heyətinin qərarı ilə ölkədə MYS-nin inkişafına xüsusi töhfə verən müsabiqədə iştirak edən namizədlər, həmçinin müsabiqədənkənar şəxslər arasından seçilir.
Qeyd edək ki, namizədlərin seçimi Azərbaycanın tanınmış mədəniyyət və yaradıcı sənaye nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər award.creative.az rəsmi internet səhifəsində qeydiyyatdan keçərək öz namizədliyini irəli sürə bilərlər.