Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 16-17 may tarixlərində “ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək. Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən tədbir “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində baş tutacaq.
“ANİMAFİLM Lənkəranda” tədbirində uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində iki günlük animasiya təlimi keçiriləcək. “ANİMAFİLM Lənkəranda” tədbirində iştirak ödənişsizdir, proqramı isə www.anima.az rəsmi saytında dərc olunacaq.
Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində, 2021-ci ildə “ANIMAFILM Şəkidə”, 2023-cü ildə isə “ANIMAFILM Naxçıvanda” tədbirlər keçirilib.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır.