Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 16-17 may tarixlərində Lənkəran şəhər Mədəniyyət Mərkəzində “ANİMAFİLM Lənkəranda” tədbiri keçiriləcək. Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən tədbir “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində baş tutacaq.
“ANİMAFİLM Lənkəranda” tədbirində uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Bundan əlavə, tədbir çərçivəsində “Anidoc” adlı sənədli animasiya vörkşopu keçiriləcək. Vörkşopu rejissorlar Nəzrin Ağamalıyeva və Elçin Hami Axundov aparacaqlar. İki gün ərzində vörkşop iştirakçıları sənədli animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim (pitching) və istehsal etməyi öyrənəcəklər. Ən yaxşı layihələr və onların müəllifləri oktyabr ayında Bakıda keçiriləcək 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına dəvət alacaqlar.
“ANİMAFİLM Lənkəranda” tədbirinin proqramını təqdim edirik:
16.05.2024
10:30 – 12:30 – Böyüklər üçün proqram (16+)
14:30 – 16:30 – Uşaqlar üçün proqram (7+)
17:00 – 19:00 – Animasiya təlimi (14+)
17.05.2024
10:30 – 12:30 – Böyüklər üçün proqram (16+)
14:30 – 16:30 – Uşaqlar üçün proqram (7+)
17:00 – 19:00 – Animasiya təlimi (14+)
“ANİMAFİLM Lənkəranda” tədbirində iştirak ödənişsizdir və qeydiyyatsızdır. Animasiya təlimi üçün qeydiyyat mütləqdir. Animasiya təlimi üçün müraciətlər anketi doldurmaq yolu ilə həyata keçirilir (qeydiyyat üçün son tarix – 15 may 2024-cü ildir). Lənkəranda yaşayan 14 yaşından yuxarı bütün şəxslər təlimdə iştirak etmək üçün müraciət edə bilər.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır.
Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANIMAFILM Şəkidə”, 2023-cü ildə isə “ANIMAFILM Naxçıvanda” tədbirləri keçirilib.