7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçiriləcək. Biletləri Tripsome platformasından əldə edin!
Festival Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nın təşkilatçılığı ilə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilati dəstəyi ilə Baku Cinema Breeze (BCB) Festivalı çərçivəsində baş tutacaq.
Bu il 7-ci ANİMAFİLM Festivalının əsas mövzusu “SEVGİ”dir. Animasiya duyğuları vizual ifadə etməyə imkan verdiyindən sevgi məfhumunu əhatəli çatdırmaq üçün mükəmməl bir vasitədir. Bizim niyyətimiz elə sevgini ön plana çıxararaq izləyicilərimiz arasında empatiya, anlayış və birlik hissini gücləndirməkdir.
7-ci ANİMAFİLM festivalının proqramında 26 ölkədən 100-dən çox film nümayiş ediləcək.
7-ci ANİMAFİLM Festivalına üç əsas proqram daxildir:
1. Müsabiqə proqramı: Müsabiqədə 18 ölkədən 48 film iştirak edəcək. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaq. Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 7-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Müsabiqə proqramının kateqoriyaları aşağıdakı şəkildə olacaq:
– Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX
– Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi
– Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi
– Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi
2. Müsabiqədənkənar proqram: 7-ci ANİMAFİLM Festivalında “Dünya ölkələrindən sevgilərlə” proqramı vasitəsilə Portuqaliya, Yunanıstan, Gürcüstan, Çexiya kimi ölkələrin animasiya əsərlərini izləmək mümkün olacaq. Həmçinin ATA Festivalı (Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı) ilə əməkdaşlıq çərçivəsində təqdim olunacaq “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləmək şansından da yararlana bilərsiniz. Bunlardan əlavə, məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı da nümayiş olunacaq.
3. Peşəkarlar üçün proqram: Bu proqram çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində məşhur özbək rejissoru Dante Rustavın, “Netflix” və “Apple TV”-nin kanadalı animatoru Matthew Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri həyata keçiriləcək. Siz həmçinin “ANİMAFİLM School: Birgə istehsal” və “ANİMAFİLM School: Making of” tədbirlərinə biletlər almaqla animasiya sahəsinin aparıcı mütəxəssisləri ilə birlikdə müzakirələr apara, hazırda istehsal mərhələsində olan və ya artıq yayımlanan Azərbaycan animasiya filmlərinin necə hazırlandığını öyrənə biləcəksiniz.
Tərəfdaşlar
Təşkilati dəstək: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “YARADICI” (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi)
Sponsor: “Ağıllı Nağıllar” reklam agentliyi
Tərəfdaşlar: Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “CITIA”, “Fétiche”, ”Dynamic Box”, ”KYNO”, ”The Manat”, ”Tripsome”.
Proqram tərəfdaşları: TURKSOY, Association of Turkic Animation, MIFASI, Animation Development Fund (ADF), ANIMAFILM Studio, FilmFreeway, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Lakeside Animation Studio, Maurfilm, Filmes do Gajo, Sakura Ceramic, CINANIMA International Animated Film Festival of Espinho, Sardinha Em Lata, Ciclope, Portuguese Short Film Agency, BAP Animation Studio, Cola Animation, ANIMASYROS International Animation Festival, YUVA.
Media tərəfdaşları: “Skwigly”, “KYNO”, “CityLife”, “Huzoor” platformaları.
Baku Cinema Breeze (BCB)
Azərbaycanda ilk dəfə olaraq “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalı keçiriləcək. BCB Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakıda baş tutacaq. Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Omarket (Şərq ölkələrinin kino bazarı) təşkil olunacaq.