“Düldül media”nın hazırladığı “Adil və Hudhud” animasiya serialının məqsədi Azərbaycan xalqı üçün öz dilimizdə yerli və keyfiyyətli məzmun təqdim etmək, izləyicilərə, xüsusilə də kiçik tamaşaçılara milli və mənəvi dəyərləri aşılamaq, ailədə, cəmiyyətdə rəftar və əxlaq normalarını nümayiş etdirmək, onlar üçün gözəl bir nümunəyə çevrilməkdir.
Animasiya serialında hadisələr baş qəhrəman Adilin ətrafında cərəyan edir. Yardımsevər və hər şeylə maraqlanan Adilin başına hər dəfə maraqlı hadisələr gəlir və hər əhvalatın sonunda isə o özü üçün dərslər çıxarır, yeni bir şeylər öyrənir. Bu işdə isə ona zəngin həyat təcrübəsi və müdrikliyi olan Hudhud adlı danışa bilən quş kömək edir.
İlk bölümdə Adilin yuvasından düşmüş bala quşcuğazı evə gətirməsindən, lakin anasının nəsihətindən sonra qardaşı ilə bala quşcuğazın anasının axtarışından, ən əsası da bütün gedişatın nəticəsində Adilin Hudhudun timsalında dəyəri bir dost qazanmasından söhbət gedir.
Animasiya serialında Adillə yanaşı digər əsas obrazlar da var: Adilin atası, anası, bacısı Fatimə və qardaşı Əli, həmçinin hər zaman öz dəyərli nəsihətləri ilə Adilin dadına çatan Hudhud. Bundan başqa, müxtəlif seriyalarda mövzuya uyğun olaraq silsilə qəhrəmanlar da olacaq.
”Düldül media” “Alulbeyt Azərbaycan” MMC-nin təşəbbüsü ilə yaradılıb.
Animasiya filminin ideya müəllifi İlqar Əliyev, baş prodüser Əli Yunis oğlu, ssenari müəllifi İlkin Mustafayev, rejissor Simran Ağayev, səs rejissoru Nadir Mahmudov, bəstəkar Azər Hacıəsgərli, 3D modelləməçi Kamran İgidəliyev, 3D animator Toğrul Məmmədov və Rüfət İsmayılov, 3D personaj riggeri və render Simran Ağayev, rəssam Şəfa Əliyevadır, psixoloq Əsmər Məhərrəmovaya.
Səsləndirmədə iştirak edənlər: Fatimə Zeynalova (ana), Aybəniz Ağazadə (Hudhud), Rabiyə Yusifova (Fatimə), Məhəmmədhüseyn Əliyev (Adil), Həsən Haşımlı (Əli), Rüqəyyə Mehdiyeva (mətnin səsləndirilməsi).
Layihənin “Qələm” Təlim və İnkişaf Mərkəzi, “İffət” Qadın Dərnəyi, “AA media”, “Ziyarət Tour”, “NAŞİR” şirkətlərinin dəstəyi ilə ərsəyə gəlib.