27-28 fevral 2024-cü il tarixlərində 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində “ANİMAFİLM Gəncədə” festivalı keçirilib.
İki gün ərzində festivala 500-dən çox uşaq, yeniyetmə və böyüklər qoşularaq 15 filmi izləyiblər və səsvermədə iştirak ediblər.
Səsvermədə bu filmlər qalib olublar:
– “Narqız” (rejissor Məsud Pənahi, Azərbaycan)
– “Pomidor” (rejissor Petre Tomadze, Gürcüstan)
– “Vəhşi heyvan” (rejissor Tianyun Lyu, Çin)
Hər nümayişdən sonra tamaşaçılarla geniş müzakirələr təşkil olunub. Müzakirələrin moderatoru prodüser, rejissor İntiqam Hacılı olub, xüsusi qonaqları qismində isə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev, rejissor Nəzrin Ağamalıyeva, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, “Regional İnkişaf üzrə Maarifləndirmə” ictimai birliyinin icraçı direktoru Rövşən Novruzov, Gəncə Dövlət Dram Teatrının rejissoru Şahmar Məmmədov, Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi Gültəkin Heydərova, Gəncə Dövlət Kukla Teatrının rəssamı Məhəmməd Hacıyev, Əməkdar mədəniyyət işçisi, yazıçı Bəxtiyar Muradov, Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli, Gəncə Texnologiya Universitetinin tələbəsi, nəqliyyat mühəndisi Afaq Namazova, Gəncə Dövlət Kukla Teatrının baş rəssamı Əntiqə Bədirova, Gəncə Dövlət Kukla Teatrının quruluşçu rəssamı Sara Məmmədova iştirak ediblər.
Festivalda Gəncə şəhərin sakinləri, Gəncə şəhər 10 nömrəli və 11 nömrəli tam orta məktəblərin şagirdləri, “Regional İnkişaf üzrə Maarifləndirmə” ictimai birliyinin üzvləri iştirak ediblər.
“ANİMAFİLM Gəncədə” festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirin təşkilatçılığında Assosiasiyasının üzvləri Aydan Kazımova, Gülşən Hüseynova və Nəzrin Ağamalıyeva kömək göstəriblər.
Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası milli animasiya kino sənətinin inkişafına dəstək vermək məqsədilə 2018-ci ildən etibarən Bakıda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir.
Regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən regional animasiya festivalları artıq ənənəyə çevrilib. 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə isə “ANİMAFİLM Lənkəranda” festivalları keçirilib.
2024-cü ildə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.
Fotoqraf: Nihad Əhmədov
Festivalın fotoları ilə ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının rəsmi Facebook səhifəsindən tanış ola bilərsiniz.