

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı animasevərləri yeni animasiya məhsulları ilə sevindirməkdədir. Bu gün Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC-nin birgə hazırladığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən “ANİMAFİLM” jurnalı ilk dəfə tamaşaçılara təqdim ediləcək.
Azərbaycan Animasiya Assosiasiyasının sədri, animasiya rejissoru və prodüser, həmçinin yeni mətbu orqanının baş redaktoru Rəşid Ağamalıyevin verdiyi məlumata görə, jurnalın ilk sayında oxuculara bir-birindən maraqlı müsahibələr, yeni layihələrin anonsları, beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edən yeni Azərbaycan animasiya filmləri, komikslər və əlbəttə ki, 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının gündəliyinə daxil edilən filmlər haqqında məlumatlar, proqram yer alıb.
Oxucular “İsi və Piti” uşaq animasiya serialının komandası ilə yaxından tanış olacaq, komanda üzvlərindən Leyla Novruzovanın, Nəzrin Axundovanın, Naina Vilçinskayanın Nuray Əliyevanın film üzərində iş, istifadə olunan texnikalar, qarşıya çıxan çətinliklər və komanda ruhunun necə hər maneəni dəf etməsi haqqında təəssüratlarını oxuyacaqlar.
Azərbaycan kino məkanında, xüsusilə onun mühüm qollarından olan animasiya sahəsində hansı seriallar çəkilir? Onların adları, müəllifləri və məzmunları jurnalın bu sayında…
“Süni intellekt və İncəsənət: animasiya və kinoda yeni dövr” – animasiya sahəsində öz mövqeləri ilə seçilən və uğurlu işləri ilə tanınan, yerli və beynəlxalq müsabiqələrdə ölkəmizi müvəffəqiyyətlə təmsil edən Rəvan Muradov və Rüstəm Bəşirovla söhbəti Mirbağır İsmayılov aparıb. Həmsöhbətlər şəxsi təcrübələrini, süni intellektin sənətə təsirinin müxtəlif tərəflərini həm təhlil edib, həm də proqnozlar veriblər.
Jurnal 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalından xatirələri və bölgələrdə keçirilmiş əks-sədalarından məlumatları oxuculara təqdim etməklə, hər festivalın il boyu fəaliyyətini necə davam etdirdiyini, hər sosial kampaniyanın yekununun nə ilə bitdiyini əyani göstərir.
Oxucudan tamaşaçıya, tamaşaçıdan müəllifə aparan yolda seçimi isə prodüser və ssenarist Ramil Əkbərov “Animasiya ssenarisi. Altı prinsipə diqqət et!” məqaləsində işıqlandırıb.
“ANİMAFİLM” jurnalı bu sayında “Qısa hekayə və illüstrasiya” müsabiqəsinin qaliblərini elan edib. Qaliblərin təqdim etdiyi təsvirlər və hekayələri oxumaq üçün jurnalı vərəqləmək kifayətdir.
Jurnal həmçinin Festivala dəstək olan şirkətləri qeyd etməklə növbəti saylarımızda oxucuları gözləyən müsahibələrin anonslarını dərc edib.