

Mayın 21, saat 13:00 WUF – 13-cü Ümumdünya Şəhərsalma Forumunda (World Urban Forum XIII), Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin stendində, “İsi və Piti” animasiya serialı və “Bum-bum” qısametrajlı animasiya filmi nümayiş olunacaq. Tədbirdə “ANİMAFİLM Jurnalı”nın təqdimatı keçiriləcək. Tədbirə giriş sərbəstdir, qeydiyyat WUF saytında mütləqdir – https://www.events.unhabitat.org/ Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Animasiya Assosiasiyası tərəfindən təşkil olunur.
12 seriyadan ibarət “İsi və Piti” animasiya serialının süjetinə görə, İsi valideynləri və dostu Piti adlı pişiklə yay tətilində nənə-babasının yanına gedərkən yol boyu müxtəlif peşələrlə və Azərbaycanın bölgələrinin maddi və qeyri-maddi mədəni irsi ilə tanış olur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “ANIMAFILM” Studiyası tərəfindən istehsal olunan “İsi və Piti” uşaq animasiya serialı azyaşlılara Azərbaycanı, onun milli-mədəni dəyərlərini və müasir incəsənət sahələrini tanıtmaq məqsədi daşıyır. Serialın rejissoru və prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevdir.
“Bum-bum” qısametrajlı uşaq animasiya filmi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Sakit bir meşədə eşidilən “bum-bum” səsi qorxaq Dovşanı təşvişə salır – o, dəhşətli bir məxluqun gəldiyinə inanır. Dovşan digər heyvanlara xəbərdarlıq etdikcə, onların vəhşi təxəyyülləri meşədə qarışıqlıq yaradır. Lakin nəhayət, həqiqətlə üz-üzə qalanda anlayırlar ki, qorxunun səbəbi nə canavar, nə də təhlükədir – əksinə, hamını bir araya gətirən şirin və gülməli bir sürprizdir. “Bum-bum” animasiya filmi Azərbaycan Animasiya Assosiasiyası tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ANİMAFİLM” Studiyasının məkan və texniki dəstəyi ilə istehsal olunub. Filmin rejissorları Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyevadır.
