

Mayın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 13-cü Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum XIII) çərçivəsində keçirilən “Azərbaycan animasiyası WUF-da” tədbirində iştirak edib, “İsi və Piti” animasiya serialının “Aşpazlar” bölümünü və “Bum-bum” qısametrajlı animasiya filmini izləyib.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Animasiya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Gün ərzində tədbir zamanı tamaşaçılar “İsi və Piti” animasiya serialının “Dalğıclar”, “Rəssamlar” və “Aşpazlar” bölümlərini, eyni zamanda “Bum-bum” qısametrajlı animasiya filmini ümumilikdə üç dəfə müxtəlif saatlarda izləyiblər. Nümayiş çərçivəsində qonaqlar, həmçinin 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “ANİMAFİLM Jurnalı” ilə tanış olublar.
“İsi və Piti” animasiya serialı Leyla Əliyevanın dəstəyi ilə “ANIMAFILM” Studiyası tərəfindən istehsal olunub. Ümumilikdə 12 seriyadan ibarət olacaq serialda valideynləri və Piti adlı pişik dostu ilə yay tətilində nənə-babasının yanına gedən İsi yolboyu müxtəlif peşələrlə, eləcə də Azərbaycanın bölgələrinin maddi və qeyri-maddi mədəni irsi ilə tanış olur. Serialın rejissoru və prodüseri Rəşid Ağamalıyevdir.
“Bum-bum” qısametrajlı uşaq animasiya filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ANİMAFİLM” Studiyasının məkan və texniki dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında çəkilib. Filminin rejissorları Nəzrin Ağamalıyeva və Rəşid Ağamalıyevdir.
Foto: Azərtac və Ceyhun Zeynalov