

Mayın 25-də Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsində “ANİMAFİLM Lənkəranda” tədbiri keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və uşaq evində tərbiyə alan uşaqlar iştirak ediblər.
Tədbirdə “İsi və Piti” animasiya serialının “Dalğıclar”, “Rəssamlar”, “Aşpazlar” bölümləri, “Yer və Ay” animasiya filmi və 9-cu ANİMAFİLM festivalının qalibləri olan “How Smart Are Crows?” (Qarğalar nə dərəcədə ağıllıdırlar?), “Beetles” (Böcəklər) animasiya filmləri təqdim olunub. Lənkəran uşaqları “İsi və Piti” animasiya serialının üç bölümünü ilk dəfə izləyiblər.
“İsi və Piti” animasiya serialı Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevanın dəstəyi ilə “ANİMAFİLM” Studiyasında ərsəyə gəlir. Serialın qəhrəmanı İsi valideynləri və dostu Piti adlı pişiklə yay tətilində nənə-babasının yanına gedərkən yol boyu müxtəlif peşələrlə və Azərbaycanın bölgələrinin maddi və qeyri-maddi mədəni irsi ilə tanış olur. Ekran əsəri azyaşlılara Azərbaycanı, onun milli-mədəni dəyərlərini və müasir incəsənət sahələrini tanıtmaq məqsədi daşıyır. Serialın rejissoru və prodüseri Rəşid Ağamalıyevdir.
Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə “ANİMAFİLM Gəncədə”, “ANİMAFİLM Lənkəranda”, “ANİMAFİLM Xankəndidə”, “ANİMAFİLM Laçında” tədbirləri baş tutub.