

31 iyul tarixində Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Gününə həsr olunmuş silsilə tədbirlərin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, kino sahəsində tanınmış simalar iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək, son illər Azərbaycan kinosunun inkişaf dinamikasından, bu sahədə aparılan islahatlardan, əldə olunmuş nəticələrdən və gələcək planlardan danışıblar.
Tədbirdə Azərbaycan Animasiya Assosiasiyasının üzvləri – “PERİ FİLM” şirkəti və bəstəkar Azər Hacıəsgərli diplomlarla təltif olunublar.
Tədbir çərçivəsində “Eyni yağışın altında” adlı animasiya filminin premyerası baş tutub. Filmin yaradcı heyəti səhnəyə dəvət olunub. Film sanki uşaqla məhəllənin tənha söyüd ağacının dialoqu üzərində qurulub. Uşaq ağacı qorumağa çalışır, amma təbiət insanın lazımsız müdaxiləsini qəbul etmir.
“Eyni yağışın altında” animasiya filmi “PERİ FİLM” MMC tərəfindən və ARKA-nın dəstəyi ilə istehsal olunub. Filmin rejissoru və quruluşçu rəssamı Kübra Binnətova, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Nurlan Həsənli və Kübra Binnətova, aparıcı animator Emil Şiran, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, icraçı prodüseri Sərxan Nəciyev, animatorlar Emil Şiran, Rüstəm Bəşirov, Mehriban Əliyeva, Nəzrin Rəhimzadə, Liia Shaikhutdinova, Kamilla Şabanbəyli, Alina Ramazanova, Naina Vilçinskaya, fon rəssamları Kübra Binnətova, Firuzə Yusufxanova, səsləndirənlər – Teoman Sultan, Firuz Yağmur, Nihad Qədirli, Firdovsi A. Nəbiyev, Tahir Əsgərli, redaktorlar Ramil Ələkbərov, Gülşən Hüsenova, Matthew Lyondur. “ANİMAFİLM” MMC filmə məkan və texniki dəstək göstərib.
1-2 avqust tarixlərində isə Nizami Kino Mərkəzində uşaqlar üçün milli animasiya filmləri nümayiş olunub: “İsi və Piti”, “Bilməcə”, “Pulun dili”, “Tıq-Tıqla möcüzələr axtarışında” serialları, “Bum-bum”, “Narqız”, “Qraviton”, “Tarix”, “Yer və Ay”, “Yulaf dönərgə”, “Baharın oğurlanması”, “Mənim balaca Şahzadəm”, “Tırtılın arzusu”, “İlbizin evi”, “Cəsur təyyarə”, “Qarğa balası və özgə yuvası”, “Siçan və pişik”, “Pıspısa xanım və Siçan bəy” (”Tıq-Tıq xanım”), “Kirpi balası və alma”, “Anam ağaca çıxıb” filmləri balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tərəfindən tərtib olunmuş tədbirlər proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) tərəfindən, Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” şirkətinin dəstəyi ilə həyata keçirilib.