

Rejissor, ssenari müəllifi Yefim Abramov vəfat edib.
8 sentyabr, saat 18:00-da Animasiya Evində Yefim Abramovun əziz xatirəsini yada salacağıq. Ünvan: İçərişəhər, Kiçik qala küç. 110, “Cız-bız” restoranın yanı.
Azərbaycan Animasiya Assosiasiyası adından həmkarımızın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Yefim Abramov 14 avqust 1948-ci ildə Bakıda doğulub. 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1980-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor və ssenari müəllifi kimi fəaliyyət göstərib.
“Qocalar, qocalar” (Elxan Qasımovla birlikdə) (1982), “Araqarışdıran” (1987) tammetrajlı bədii filmlərinin ssenari müəllifi və rejissoru, “Lətifə” (1989) bədii filminin (Nizami Musayevlə birlikdə) rejissoru olub. “Mozalan” satirik kinojurnalı üçün bir neçə qısametrajlı filmin ssenarisi üzərində işləmiş, quruluş vermişdir.
“Yeni il əhvalatı” (1986) və “Arzular, arzular” (1988) animasiya filmlərinin ssenari müəllifidir. “Arzular, arzular” filmi Qabrovoda keçirilmiş (Bolqarıstan) Beynəlxalq Kinofestivalda “Ən yaxşı ssenari” mükafatına layiq görülmüşdür.
“Gecə ovu” bədii filminin (Riqa kinostudiyası) ssenari müəllifidir. David Konla birlikdə Rusiya-İsrail istehsalı olan “Veronanın səması altında” 8 seriyalı filminin (2014) ssenarisini yazıb. “Dosta məktub” (2010) sənədli filminin ssenari müəllifi və rejissorudur. 4 seriyalı “Gediş bileti” filmininin (Rusiya) ssenari müəllifidir, “Sirr” serialının ssenari müəllifidir (Ramiz Fətəliyevlə birlikdə).
“Azərbaycan animasiyası” kitabının məsləhətçi olub. 2018-ci ildə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının ssenarilər üzrə münsiflər heyətinin üzvü olub.
Uzun müddət İsraildə yaşayıb.
“Azərbaycan animasiyası” (2018) kitabınından:
“Arzular.. Arzular”ın ssenari müəllifi Yefim Abramov cizgi filminin ideyasının necə yarandığı haqqında danışarkən: “düşünürəm ki, bütün dövrlərdə insan öz seçiminin arxasınca getməyi, ya da getməməyi seçməkdə azad olub – arzusunu həyata keçirməyə səy göstərsinmi, yoxsa onu əlçatmazlıq həddində saxlasın və hərdən düşüncələrində ona qayıtsın? Çox şey insanın özündən, xarakterindən, cəhdlərindən və əqidəsindən asılıdır.”
“Azərbaycan animasiyası” kitabı (2018, Rəşid Ağamalıyev və müəllif kollektivi): “Azərbaycan cizgi filmlərində sosial mühitin təsviri” (müəllif Aygün Aslanova).