

28 oktyabr, Beynəlxalq Animasiya Günü münasibətilə “Yer və Ay” qısametrajlı animasiya filmi “DIP Animation və ”ANİMAFİLM Studio”-nun rəsmi YouTube kanallarında yayımlandı!
Filmin süjet xəttində Yer və Ay əbədiyyət oyunu oynayan iki dost kimi təqdim olunur. Lakin bəşəriyyətin yaranması bu harmoniyanı pozur və münasibətləri həyat uğrunda mübarizəyə çevirir.
Film 2025-ci ildə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), “DIP Animation” və “ANIMAFILM”in maliyyə və texniki dəstəyi ilə istehsal edilib.
Filmin rejissoru və Özbəkistan tərəfdən prodüseri Pavel Kim, Azərbaycandan prodüseri isə Rəşid Ağamalıyevdir.
Qeyd edək ki, “Yer və Ay” animasiya filmi Özbəkistanda və Azərbaycanda ilk beynəlxalq birgə istehsaldır (ko-koprodakşn).
2025-ci ildə filmin yerli premyerası ATA Festivalı və Baku Cinema Breeze Festivalında keçirilib. 2026-cı ildə isə Qazaxıstanın paytaxtı Astanada keçirilən RES 2026 EXPO (Regional Ecological Summit) beynəlxalq sərgisi çərçivəsində təşkil olunan “Astana Eco Film Festival”ının mükafatlandırma mərasimində “Yer və Ay”animasiya filmi “Ətraf mühit mövzusunda ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub.