Azərbaycanın tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq
10 yanvar 2023-cü il saat 15:00-da “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunacaq.
Yubiley tədbirində Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” (1978) və “Günlərin bir günündə…” (1975) animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi (1977) nümayiş etdiriləcək.
Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir.
1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır” animasiya filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” animasiya filminə görə iştirak diplomu ilə təltif edilib.
Uzun illər Almaniyada yaşamış, Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak etmişdir. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” animasiya filmidir.
2018-ci ildə Məsud Pənahi 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
Saytdakı materiallardan istifadə edildikdə istinad mütləqdir. Material vebdə istifadə edildikdə müvafiq linkin qoyulması mütləqdir.