Görkəmli dramaturq, rejissor və ssenarist Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış azərbaycanlı rejissor Vaqif Behbudovun “Başlanğıc” animasiya filmi 21-ci Beynəlxalq Səssiz Filmlər və Canlı Musiqi Festivalında (21. Internationales Festival für Stummfilm und Livemusik) nümayiş etdiriləcək. Festival yanvarın 27-dən 30-na kimi Heidelbergdə (Heydelberq) (Almaniya) keçiriləcək.
“Başlanğıc” 1982-ci ildə SSRİ Mərkəzi Televiziyasının sifarişi ilə Azərbaycan Dövlət Televiziyası tərəfindən lentə alınıb. Süjet yer üzündəki ilk insanların – Qabillə Habilin (Adəm və Həvvanın oğulları) münasibətləri haqqında rəvayətlərə əsaslanır. Onlardan biri dağıdıcı, digəri isə yaradıcı xarakterlidir.
“Bu festivalın digər səssiz film festivallarından fərqi və unikallığı ondan ibarətdir ki, filmi müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət olunur, yaradılmış yeni kompozisiyalar vasitəsilə retro filmlər ikinci nəfəs alır. musiqiçilər bəzən bu filmləri tamamilə yeni aspektdən ortaya qoyurlar… “Başlanğıc”ı alman pianoçusu Friedwart Goebels (Fridvart Qöbels) müşayiət edəcək”, – Vaqif Behbudov bildirib.
Friedwart Goebels Azərbaycan filmi ilə bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, yayda festivalın yaradıcısı və direktoru Huşəng Vahidi Azərbaycana səfəri zamanı dostu rejissor Şamil Əliyev ona bu qısametrajlı filmə baxmağı təklif edib və film onun çox xoşuna gəlib.
“Bu filmdən aldığım təəssüratlara və düşüncələrimə əsaslanaraq ona yeni musiqi yazdım. Beləliklə, festivalda film yeni orijinal musiqi ilə nümayiş etdiriləcək”, – alman musiqiçisi bildirib.
Qeyd edək ki, yanvarın 28-də nümayiş etdiriləcək “Başlanğıc” festivalda təqdim olunan yeganə animasiya filmidir. Təqdim olunan filmlər arasında Çarli Çaplinin 1928-ci ildə çəkdiyi “Sirk” filmi də var.
Mənbə: Trend xəbər agentliyi