2023-cü ilin martın 12-sində rejissor, rəssam, ssenari müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi, “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı laureatı Firəngiz Qurbanovanın 80 yaşı tamam olur.
O, Moskvada Kinematoqrafiya institutunu bitirdikdən sonra “Azərbaycanfilm”ə gəlib bir xeyli filmin çəkilişində quruluşçu rəssam və rejissor kimi iştirak edib.
Onun ilk animasiya işi Məsud Pənahinin “Bulud niyə ağlayır” filmində quruluşçu rəssam işi olub. Qeyd edək ki, həmin film orijinallığına görə tək Azərbaycanda deyil, beynəlxalq aləmdə də ad çıxarıb. Animasiyaya aşiq olan Firəngiz xanım bundan sonra özünü bu sənətə həsr edib.
Firəngiz Qurbanovanın üslubu başqalarından fərqlidir, demək olar ki, millilikdən çox ümumbəşəri xarakterlidir.
O da öz keçmiş həmkarları kimi (özü bunu açıq deməsə də), hiss olunur ki, indinin dəbli 3D animasiyası ilə arası yoxdur. O deyir ki, mənim əsas vəzifəm klassik animasiyanın statusunu bərpa etməkdir.
Çoxlarını düşündürən “animasiyada uğur qazanmağın əsas prinsipi nədir?” sualına Firəngiz xanımın orijinal cavabı var:
“Animasiyada uğuru axtarmırlar, onu çalışmaqla yaradırlar. Necə ki, toxum əkiləndən bir müddət sonra məhsula çevrilir, uğur həmin məhsuldan ibarətdir! Əsas odur ki, insan ekranı sevsin və beynindəkiləri ekrana köçürə bilsin. Bunun üçün ilk növbədə rəssam, və ən əsası, həmişə axtarışda olmaq lazımdır, o sizi uğura gətirib çıxaracaq…“
Firəngiz Qurbanovanın düşüncələri ilə daha yaxından tanış olmaq üçün 2-ci ANİMAFİLM Festivalı zamanı hazırlana müsahibəyə buradan baxa bilərsiniz:
Tərcümeyi-halı
F. Qurbanova Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Moskva) məzunudur. Təhsilini bitirəndən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam vəzifəsində çalışıb. Hazırda “Birlik” animasiya studiyasına rəhbərlik edir. “Alma almaya bənzər”, “Şir evdən getdi” və s. bədii filmlərin quruluşçu rəssamı, beynəlxalq festivallarda iştirak edən “Seans”, “Anam ağaca çıxıb” və s. animasiya filmlərinin quruluşçu rəssamı və rejissoru olub.
Firəngiz Qurbanovanın təşəbbüsü ilə Rəssamlıq Akademiyasında “Animasiya filminin quruluşçu rəssamı” fənni (2017), Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbində “Animasiya filminin rejissoru və rəssamı” bölməsi (2019) açılıb.
O, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
Onun atası keçmiş komediya aktyoru Ağadadaş Qurbanovdur. O, məşhur aktrisa Gülşən Qurbanovanın bacısıdır. Tanınmış aktyor Hamlet Qurbanov isə onun ögey qardaşıdır.
Animasiya filmoqrafiyası: