DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Kino həftəsi” layihəsi çərçivəsində animasiya filmləri nümayiş etdirilib. Tamaşaçılar əvvəlcə Abdulla Şaiqin “Tıq-Tıq xanım” nağılının motivləri əsasında 1974-cü ildə ekranlaşdırılmış “Pıspısa xanım və Siçan bəy” animasiya filminə baxıblar.
Daha sonra Mədəniyyət Nazirliyinin nəzdində “Azanfilm” Animasiya Filmləri Studiyasında 2020-2021-ci illərdə istehsal edilmiş “Tıq-tıq və dostları möcüzələr axtarışında”, “Tıq-tıqla möcüzələr axtarışında-Qobustan” filmləri göstərilib. Filmin yaradıcı heyəti nümayişdən sonra tamaşaçılarla animasiya filmlərinin çəkilişi, animasiya kinosunun spesifik xüsusiyyətlərinə dair maraqlı məlumatları bölüşüblər. Filmin ssenari müəllifi və rejissoru Sultan Abbasbəyli, “Tıq-tıq xanım” personajını səsləndirən, Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədzadə uşaqları maraqlandıran sualları cavablandırıblar.
Layihədə ümumilikdə həssas əhali qruplarından olan 70 nəfərədək uşaq və yeniyetmə iştirak edib.
Mənbə: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi