“Azərbaycanfilm” kinostudiyası 2022-ci ilin noyabr ayında “Start-2023” adlı film layihəsi müsabiqəsi elan etmişdi. Kinostudiyanın 100 illiyinə həsr olunan, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə keçirilən müsabiqənin nəticələri elan olunub.
“Azərbaycanfilm” kinostudiyasının verdiyi məlumata görə, müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Müsabiqə, müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub.
Xatırladaq ki, layihələrin qəbulu 2022-ci il noyabrın 1-də başlamış 2023-cü il yanvarın 31-də başa çatmışdır. Ümumilikdə 45 layihə dəyərləndirilmək üçün kinostudiyanın nəzdində yaradılmış ekspert şurasının ixtiyarına verilib.
Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərovun sədrlik etdiyi ekspert şurasının üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, xalq artisti Vidadi Həsənov, rejissor İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Ekspert Şurasının son iclasında qaliblər müəyyənləşdirilib:
“Tammetrajlı bədii film layihəsi” kateqoriyasında:
“Özgə ağrı” (Rövşən İsgəndərov);
“Qısametrajlı bədii film layihəsi” kateqoriyasında:
“Erkən hisslər” (Nurlan Həsənli)
“Neytral zonanın sonuncu sakini” (Tahir Tahiroviç)
“Qısametrajlı animasiya filmi layihəsi” kateqoriyasında:
“Balıq” (Fuad Quliyev)
“Sonuncu lələk” (Firəngiz Bağırova).
Yaxın günlərdə ekspert şurasının üzvlərinin də iştirakı ilə mətbuat konfransının keçirilməsi və qaliblərə diplomların təqdim olunması planlaşdırılır. Növbəti mərhələdə isə qalib layihələrin istehsal olunması nəzərdə tutulub.
Qeyd edək ki, Firəngiz Bağırova 2023-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür. 2021-ci il noyabrın 13-ündə şairə Leyli Salayeva ilə birlikdə hazırladıqları “Sonuncu lələk” layihəsi Gürcüstanda keçirilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopunun qalibi olub. Firəngiz “Sonuncu lələk” layihəsinin rejissoru kimi mükafat olaraq 2022-ci ilin oktyabr ayında Fontevro monastırında (Abbaye Royale de Fontevraud, NEF Animation, Fransa) bir aylıq animasiya rezidensiya proqramında iştirak edib.
Mənbələr:
Azərbaycan Kinematoqrafçılar İttifaqı
“Sonuncu lələk”. Concept art. Rəssam Firəngiz Bağırova
Firəngiz Bağırova və Leyli Salayeva 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2022)
Firəngiz Bağırova və Leyli Salayeva Gürcüstanın 7-ci “Animated Film Project Development/Pitching” vörkşopunda (2021)
Firəngiz Bağırova
Firəngiz Bağırova və Leyli Salayeva 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında (2022)
Firəngiz Bağırova Fontevro monastırında (Abbaye Royale de Fontevraud, NEF Animation, Fransa) bir aylıq animasiya rezidensiya proqramında (2022)