Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, ANİMAFİLM festivalı da daxil 20-dən artıq donor və tərəfdaşların dəstəyilə “Zəfərdən Dirçəlişə” adlı layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi yerinə yetirilib.
“Zəfərdən Dirçəlişə” layihəsinin donor və tərəfdaşları
Bu barədə layihə çərçivəsində aprelin 29-da Zəngilana səfər etmiş donor və tərəfdaşların nümayəndələrinə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev məlumat verib.
Zəminə Əkbərova və Rəhman Hacıyev
Səfər zamanı ANİMAFİLM festivalının komanda üzvü Zəminə Əkbərova da digər iştirakçılarla birlikdə ağaclar əkilmiş ərazidə olub, əkinti yerindən çoxsaylı foto və video çəkib.
İşğaldan azad olunmuş Zəngilan ərazisində minlərlə ağac əkilib.
Qeyd edək ki, layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın – əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, qlediçiya və şərq çinarı əkilməsi nəzərdə tutulmuşdu.
“Zəfərdən Dirçəlişə” layihəsinin donorları sırasında ANİMAFİLM festivalı da var.
Xatırladaq ki, 2022-ci ilin payızında Bakıda keçirilmiş 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN = 412 ağac) işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilmişdir.