ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qürurla bildirir ki, 14-18 oktyabr 2020-ci il tarixləri arasında Bakıda keçiriləcək III ANİMAFİLM Festivalı Azərbaycanın uşaqlarına və gənclərinə həsr ediləcəkdir.
Artıq üçüncü dəfədir ki keçiriləcək ANİMAFİLM Festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir.
Festivalın təşkilatçıları Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə əyləncə xarakteri daşıyan müsabiqə və müsabiqədənkənar proqramların həyata keçirilməsini və açıq nümayişini doğru hesab etmir və onun ləğv edilməsinə dair qərar qəbul etmişdir. Festival çərçivəsində yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüşlər, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır. Həyata keçiriləcək bu tədbirlər beynəlxalq arenada onlayn olaraq nümayiş etdiriləcəkdir.