Avqustun 24-də Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Prodüserlər Gildiyası birgə prodüserlər və animatorlar üçün görüş keçirib.
Nizami Kino Mərkəzinin konfrans zalında keçirilən görüşdə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi iştirak ediblər.
Tədbirin məruzəçilərindən biri kinoprodüser Orxan Behbid nazirliyin elan etdiyi müsabiqənin şərtləri haqda məlumat verdi, prodüserlərin büdcə tərtibatı zamanı rastlaşa biləcəyi çətinliklər haqda danışdı və tövsiyələr verdi.
Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev prodüserlərlə animatorlar arasında məhsuldar əlaqələrin qurulmasının vacibliyini qeyd etdi və sözü gənc animatorlara verdi.
Müəlliflər Ağarəhim İbrahimov (“Oyuncaq”), Nərmin Quliyeva (“Saprim”), Turan Məmmədli (“Hadrut Fatehi”), Emil Gözəlov (“İçəri Şəhərin möcüzəli sakinləri”), Rüstəm Bəşirov (“Inanna”), Tural Məmmədzadə qısametrajlı animasiya layihələrini təqdim etdilər, sonra prodüserlərin suallarını cavablandırdılar. Görüşdə, həmçinin, animatorlar Sevinc Quliyeva, Lalə Qasım, Aydan Alimzadə, Emil Şiran, Amin Quliyev və Murad Qafarzadə iştirak etdilər.
Fotolar Azərbaycan Kinematoqrafçılar İttifaqına məxsusdur