Azərbaycan Animasiya Assosiasiyasının üzvü, tərcüməçi, redaktor öz işinə daim yaradıcı yanaşan, yüksək peşəkarlıq nümayiş etdirən Rafiq Məmmədli 10 aprel 2024-cü ildə vəfat edib. Bu barədə onun qızı Gülnaz Məmmədli məlumat verib.
Rafiq Məmmədli 1964-cü il yanvarın 13-də Daşkəsən şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU), Kimya fakültəsini kimyaçı və kimya müəllimi ixtisası üzrə, 1993-cü ildə Moskva Maliyyə İqtisad İnstitutunun İqtisadiyyat və İdarəetmə fakültəsini bitirib. Azərbaycan Elmi Tədqiqat Olefinlər İnstitutunda, “Azadlıq” qəzetində və “Azadlıq” Radiosunda işləyib.
2018-ci ildən ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasında və ANİMAFİLM studiyasında tərcüməçi və redaktor kimi çalışıb.
Rafiq Məmmədli “Hədis” (2023) və “Narqız” (istehsalda) qısametrajlı animasiya filmlərinin tərcüməçisi və redaktoru olub. O 2019-cu ildə qısametrajlı animasiya filmi üçün “Məğrur çaydan” adlı ssenari yazıb. Fəaliyyəti boyu işlədiyi əsərlərdə vətənpərvərlik, insanpərvərlik ideyalarını əsas tutan, gənc nəslə milli keyfiyyətlərimizin aşılanmasına üstünlük verən Rafiq müəllimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Animasiya Assosiasiyanın mətbuat xidməti
10.04.2024-cü il