Türk Animasiya Assosiasiyası (ATA) tərəfindən “Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbulu elan edilir.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Mədəniyyətin İnkişafı Beynəlxalq Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.
Müraciətlər anketi doldurmaq yolu ilə həyata keçirilir.
Qeyd edək ki, kataloq 9-15 iyun 2024-cü il tarixlərində Ansi şəhərində (Fransa) keçiriləcək Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında təqdim olunacaq. Festivalda türk dövlətlərinin animasiya məhsullarını irəlilətmək məqsədi ilə ATA və TÜRKSOY-un müştərək stendi açılacaq.
Əsərlərin qəbulu şərtləri:
1) İşlərin müəllifləri və ya müəllif hüququ olan şəxslər TÜRKSOY-a üzv olan ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə) vətəndaşları və ya rezidentləri olmalıdırlar.
2) Həm yekunlaşmış, həm də işlənmə mərhələsində olan əsərlər qəbul edilir.
3) Qısametrajlı və tammetrajlı filmlər, həmçinin seriallar qəbul edilir.
4) Müraciətlərin qəbulu üçün son tarix: 10 may 2024-cü ildir.
Türk Animasiya Assosiasiyasının (ATA) əsas məqsədi – türk xalqlarının ənənələrinin və çoxəsrlik mədəniyyətinin tanıdılması üçün animasiyanın yaradılmasıdır. ATA türkdilli ölkələr arasında mədəni dəyərlərin mübadiləsinə, animasiya sənayesinin inkişafına və milli animasiya assosiasiyalarının dəstəklənməsinə səy göstərir.