2024-cü ilin mayın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaradıcı” Tədris və İnkubasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycan Animasiya Assosiasiyasının dəstəyilə Animatorların İnkişaf Proqramına (Animator’s Accelerator) start verilib.
Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur və əsas hədəfi animasiya sahəsində kreativ və peşəkar yerli animatorları beynəlxalq səviyyədə tanıtmaqdır.
Açılış mərasimində “Yaradıcı” Tədris və İnkubasiya Mərkəzinin direktoru Bəyəli Mürsəlov, Animatorların İnkişaf Proqramının müəllimi Oqtay Yusibov və Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçiləri Elçin Hami Axundov və Rəşid Ağamalıyev çıxış ediblər. Onlar Azərbaycan animasiyasının keçdiyi yoldan, inkişaf mərhələlərindən, animasiya sənətinin inkişaf istiqamətlərindən söz açıblar. Animasiya sənətinin gələcəyinin peşəkar kadrlardan asılı olduğunu qeyd edən natiqlər, açılan kursun mütəxəssislərin hazırlanması, ixtisaslaşması, həm də tanınması mərhələlərini nəzərdə tutan Animatorların İnkişaf Proqramı çərçivəsində ilk və uğurlu addım olacağına inandıqlarını bildiriblər.
Qeyd edilib ki, kursa qeydiyyat 2023-cü ilin 29 sentyabr-8 oktyabr aralığında keçirilib, 90-dan çox müraciət daxil olub və 15 tələbə təlimə cəlb edilmək məqsədilə seçilib.
8 həftəlik təlim proqramı yerli animatorların peşəkərlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimin yekununda ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb olunması nəzərdə tutulur.
Bu təlim “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri “Netflix” və “Apple TV” daxil olmaqla, beynəlxalq yayım platformalarında uğurla nümayiş olunur və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanır.
Layihə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən reallaşdırılır.