Azərbaycan Animasiya Assosiasiyası və Türk Animasiya Assosiasiyası (ATA) Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “GameSummit 2024” oyun festivalında birgə stendlə iştirak edib. 1-2 iyun tarixlərində Bakıda, Crystal Hall-da keçirilən “GameSummit 2024” “Rəqəmsal Yaradıcı Həftə” layihəsinin tərkib hissəsidir və oyun texnologiyaları sahəsində ən son yeniliklərin nümayiş olunduğu bir platformadır.
Azərbaycan Animasiya Assosiasiyası Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin (YARADICI) dəstəyi ilə ərsəyə gələn stenddə tamaşaçılara Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən Animatorların İnkişaf Proqramını (Animator’s Accelerator), “Azərbaycan animasiyası” kitabını, “Animation of Turkic Countries 2024” kataloqunu, “Animation in Azerbaijan 2023” kataloqunu və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının kataloqlarını təqdim edib. Festival günlərində stendin ziyarətçiləri animasiya dünyasında baş verən yeniliklər haqqında məlumatlandırılıb, onlara Azərbaycanda bu istiqamətdə gedən işlərdən danışılıb.
Təqdirəlayiq haldır ki, Assosiasiyanın üzvü, “Dynamic Box” şirkəti də festivala öz stendi ilə qatılıb və “Tiny Ships” adlı yeni oyununu təqdim edib. Bütün bunlar Azərbaycan Animasiya Assosiasiyasının qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləməsinin və üzvlərimizin məqsədyönlü fəaliyyətləri ilə milli animasiyamızın inkişafı istiqamətində fəallığının artmasının bariz nümunəsidir.
Assosiasiyanın sədri Rəşid Ağamalıyev, Assosiasiyanın üzvləri Şahin Əliyev, Leyla Novruzova, Nəzrin Ağamalıyeva və Animator’s Acceleratorun tələbəsi Naina Vilçinskaya festival çərçivəsində baş tutan yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfransda, yerli şirkətlər arasında ən yaxşı kompüter oyunu üzrə müsabiqədə, həmçinin “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonlarında baş tutan tədbirlərdə iştirak ediblər.
“GameSummit2024” Festivalı maraqlı proqramları, şou və yarışları, oyun dünyasının əyləncəli tərəfləri və möhtəşəm nümayişləri ilə yadda qalıb.