“Hədis” qısametrajlı animasiya filmi noyabrın 15-də Portuqaliyanın “CINANIMA” Beynəlxalq Animasiya Filmləri Festivalının (CINANIMA – International Animated Film Festival of Espinho, Portugal) müsabiqədənkənar proqramında nümayiş etdiriləcək. “Oskar” kvalifikasiyalı festival 8-17 noyabr tarixlərində 48-ci dəfə Portuqaliyanın Espinho şəhərində keçiriləcək.
“Hədis” filminin premyerası 2023-ci ildə dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 45 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan yeddisi – Annecy, Busan, Animest, İzmir, Kaboom, OFF, CINANIMA “Oskar” kvalifikasiyalı festivallardır. Film Fransa, Türkiyə, Almaniya, İtaliya, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb.
“Hədis” animasiya filmi 21 sentyabr 2022-ci ildə İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir.
“ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.
“Hədis” filmi haqqında ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.