Yanvarın 17-də Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə ərsəyə gələn “Narqız” qısametrajlı animasiya filminin premyerası baş tutub. 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qalibi olan “Narqız” filminin müəllifi görkəmli animasiya rejissoru, Azərbaycanda və Almaniyada bir çox populyar filmlərin müəllifi olan ustad sənətkar Məsud Pənahidir, yeni ekran əsəri “PERİ FİLM” MMC (ANİMAFİLM Studio) tərəfindən istehsal olunub. Filmin prodüseri isə Azərbaycan Animasiya Assosiasiyası İdarə Heyətinin sədri Rəşid Ağamalıyevdir.
“Narqız” animasiya filmi milli animasiya tariximizə Azərbaycanda dövlət dəstəyi ilə çəkilən və mina təhlükəsizliyi mövusundan bəhs edən ilk film kimi düşüb. Film Qarabağ mövzusuna həsr olunub. Son 35 ildə baş verən olaylar, I və II Qarabağ müharibəsi, onların ən qorxunc kabusa çevrilən fəsadları – mina təhlükəsi və insanların bu məqama xüsusi diqqətlə yanaşması filmin əsas qayəsini təşkil edir. Film tamaşaçıya azərbaycançılıq ruhunu təlqin etməklə yanaşı, ətrafda baş verənlərə diqqətli olmağı və yardımsevərliyi önə çəkməyi, insanları və təbiətin gözəlliklərini qorumağı təsvirlə musiqinin harmoniyasında xatırladır.
Tədbirdə çıxış edən, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, agentliyin Bədii Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və agentliyin Bədii Şurasının üzvü, kinorejissor Yavər Rzayev bu gün nümayiş olunan və ARKA-nın elan etdiyi müxtəlif müsabiqələrdə qalib gələn filmlərin məhz milli kinomuzun müxtəlif istiqamətlərinin inkişafı naminə yönələn fəaliyyətlərdən olduğunu vurğulayıblar.
Rəsmi hissədən sonra tamaşaçılar “Erkən hisslər” (rejissoru Nurlan Həsənli), “Tərsinə kölgələr” (rejissoru Hacı Səfərov) qısametrajlı bədii və “Narqız” qısametrajlı animasiya filmini izləyib və yaradıcı heyətləri sürəkli alqışlarla dəstəkləyiblər.
Tədbir yaradıcı heyətlərin tamaşaçıları səhnədən salamlaması ilə yekunlaşıb. “Narqız” filminin prodüseri Rəşid Ağamalıyev çıxışının əvvəlində Azərbaycan Respublikasının Kino Agentliyinə yaradıcı heyətə göstərdiyi inama və animasiyamızın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib. Filmin rejissoru ustadımız Məsud Pənahinin Almaniyada yaşadığını və premyeraya gəlib çata bilmədiyini qeyd edib. O həmçinin ideyanın yarandığı vaxtdan onu dəstəkləyən dostlara təşəkkürünü bildirərək layihəyə inanan, lakin onun gerçəkləşməsini görməyərək sıralarımızı vaxtsız tərk edən jurnalist, tərcüməçi və ssenarist Rafiq Məmmədlini xatırlayıb, filmi ona ithaf etdiklərini vurğulayıb.
Dövlət sifarişi ilə çəkilən “Narqız” qısametrajlı animasiya filminin quruluşçu rejissoru Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ideya müəllifi Bəhruz Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssam Elçin Hami Axundov, səsləndirmə rejissoru Qurban Məsimov, redaktorlar Rafiq Məmmədli, Gülşən Hüseynovadır.