Yanvarın 30-u, saat 18:30-da Praqada Azərbaycanın və Almaniyanın tanınmış rejissoru Məsud Pənahinin animasiya filmləri nümayiş olunub.
Çoxsaylı mükafatların laureatı olan müəllif filmlərini özü təqdim edib. Tədbirin moderatoru isə Azərbaycan Animasiya Assosiasiyasının sədri, prodüser Rəşid Ağamalıyev idi.
Tədbir Azərbaycan Animasiya Assosiasiyası, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və “Natəvan” Cəmiyyəti tərəfindən təşkil olunub və Azərbaycan Mədəniyyət Evində doğma, isti mühitdə keçirilib.
Animasiya axşamının qonaqları Azərbaycan və Türkiyə səfirliklərinin, Azərbaycan diasporasının nümayəndələri olub.
Dörd animasiya filminə baxışdan sonra, qonaqlar rejissora suallar veriblər. Praqadakı Azərbaycan Mədəniyyəti Evinin rəhbəri Leyla Bəyim Məsud Pənahiyə və Rəşid Ağamalıyevə Azərbaycan animasiyasının inkişafına verdikləri töhfələrə və qeyri-adi, təsirli axşama görə təşəkkür edib.
Leyla Bəyim tədbir haqqında reportajında “Hədis” adlı poetik animasiyanın yaradıcısı, istedadlı animator Nəzrin Ağamalıyevanın işini xüsusilə qeyd edib. Məsud bəyin bu əsərin ərsəyə gəlməsində iştirakını vurğulayıb. “Hədis” filminin bir çox beynəlxalq animasiya festivallarının qalibi olduğunu deyib.
Tanınmış rejissor, rəssam və animator Məsud Pənahi 1943-cü ildə Zəncan (İran) şəhərində dünyaya gəlib. Bakıya (Azərbaycan) köçəndən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, 1972-ci ildə isə VGİK (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu) bitirib, burada əfsanəvi animasiya ustaları İvan İvanov-Vano və Fyodor Xitrukdan dərs alıb. O, “Azərbaycanfilm” kinostudiyasında mükafatlara layiq görülmüş bir neçə animasiya filmi çəkib. 1979-cu ildə Almaniyaya köçən sənətkar, burada 60-dan artıq animasiya filminin yaradılmasında iştirak edib. Onun tanınmış əsərləri içərisində “Tıq-Tıq xanım” (1974) və “Narqız” (2024) filmlərini göstərmək olar. 2018-ci ildə M.Pənahi 1-ci ANİMAFİLM Festivalının “Qızıl qayıq” mükafatına layiq görülüb, 2020-ci ildə isə “Rezin xoruz” adlı bioqrafik kitabını nəşr edib. Məsud Pənahi 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.