2025-ci il martın 7-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib. Müsabiqə barədə məlumatı bu linkdən əldə etmək mümkündür. 407 qalib təşkilatlar sırasında Azərbaycan Animasiya Assosiasiyası da var. Müsabiqənin nəticələrində qeyd olunub ki, Assosiasiyanın “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi 40 000 AZN dəyərində büdcə alıb.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bu barədə bildirib: “Hədsiz sevinirik! Layihə çərçivəsində uşaqlar üçün yeni animasiya filmi çəkiləcək və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində milli animasiya filmlərinin nümayişləri və ustad dərsləri təşkil olunacaq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, onun Müşahidə Şurasına və müstəqil ekspertlərə Assosiasiyamıza göstərdiyi yüksək qiymətə görə minnətdarlığımı bildirirəm!”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva AZƏRTAC-a müsahibində bildirib ki, “Bu dəfə Azərbaycan QHT tarixində bir elan çərçivəsində ən yüksək sayda layihə təklifi daxil olan müsabiqə vəziyyəti qeydə alınıb. Bu, ötənilki rekordu da geridə qoyub. Agentliyin 2025-ci il üzrə qrant müsabiqələrinə 915 təşkilat müraciət edib. 100-ə yaxın müraciət ilk dəfədir. Ümumiyyətlə, son 2 ildə əvvəllər heç vaxt Agentliyin qrant müsabiqələrində iştirakı nəzərdən keçirilməmiş 200-ə yaxın QHT-nin müsabiqələrə qatıldığını müşahidə edirik. Bu, bizim üçün adi statistika deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi tam yeni qaydalarla ikinci ildir ki, təşkil olunan müsabiqələrin şəffaf və ədalətli olmasının, işimizə olan ictimai etimadın göstəricisidir. Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Agentlik QHT-lərin ictimai faydalılığının stimullaşdırılması, dövlət tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələrin icrası üçün əzmlə çalışır. Qürurla deyə bilərik ki, 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 19 dövlət proqramı üzrə 63 tapşırığın icrasına məsul olub və qiymətləndirmə üzrə publik hüquqi şəxslər arasında rekord nəticələrdən birini nümayiş etdirib”.