2025-ci il, 5–8 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirildi. Festivalın əsas məqsədi – görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaq və türk dünyası ölkələrinin animasiya sənətini bir araya gətirmək idi.
Festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı animasiya rejissoru Məsud Pənahinin “Narqız” filmi nümayiş olundu və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görüldü. Mükafatı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev “Narqız” filmin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim etdi. Mükafat “Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən görkəmli töhfəyə görə təqdim olunub”.
Festivalın münsiflər heyətinin sədri Özbəkistan tanınmış rejissoru Mavzur Mahmudov, Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru, prodüser Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B. İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov.
Festivalın müsabiqədənkənar proqramında həmçinin rejissor Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmi tamaşaçılara təqdim edildi.
Festivalın təşkilatçıları Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Manqistau vilayəti Akimatı idi. “Yeni türk zamanının animasiyası” şüarı altında keçirilən URKER festivalının gələcəkdə türk dünyası animasiya mühitində mühüm körpü rolunu oynayacağı gözlənilir.