

2025-ci il, noyabrın 28-də Xankəndi və Laçın şəhərlərində “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları keçiriləcək.
Bu barədə Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor və prodüser Rəşid Ağamalıyev məlumat verib. O qeyd edib ki, 8 ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərkib hissəsi olan festivallar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi çərçivəsində baş tutacaq. Tədbirlərdə həmçinin layihə çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemanın motivləri əsasında çəkilmiş “Bum-bum” qısametrajlı animasiya filminin təqdimatı və animasiya filminin ərsəyə gəlməsində keçilən yollar haqqında ustad dərsləri təşkil olunacaq.
“Biz çox sevinirik ki, “Bum-bum”u və yeni animasiya məhsulunun necə hazırlandığı barədə Ustad dərslərini məhz Qarabağda, gündən-günə gözəlləşən, dirçələn, özünəməxsus ənənələrini bərpa edən Xankəndi və Laçın şəhərlərində tamaşaçılarımıza təqdim edəcəyik”.
Beləliklə, 8-ci ANİMAFİLM Benyəlxalq Animasiya Festivalı çərçivəsində regionlarda təşkil olunan “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları 28 noyabr 2025-ci il tarixində saat 10:00-da Xankəndi şəhərində, 1 nömrəli körpələr evi-uşaq bağçasında və saat 14:00-da Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin dəstəyi ilə Laçın şəhərində Bakı Abadlıq Xidmətinin, “Hoçazfilm” studiyasının “LACINEMA” Laçın Kino Mərkəzində baş tutacaq.
Tamaşaçılar əvvəlcə “Hədis”, “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay”, “Siçan və Pişik”, “Yulaf dönərgə” animasiya filmlərini izləyəcəklər. Qeyd edək ki, təqdim olunan filmlər arasında “Hədis” ölkəmizi onun hüdudlarından kənarda 50-a yaxın beynəlxalq festivalda uğurla təmsil edərək çoxsaylı mükafatlar qazandırıb, “Narqız” isə TÜRKSOY-un Xüsusi Mükafatı sahibidir. Özbəkistan və Azərbaycan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay” isə tamaşaçıların diqqətini qlobal ekoloji problemlərə cəlb edəcək.
Qeyd edək ki, “Narqız”, “Yer və Ay” və “Yulaf dönərgə” filmləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), “Tarix” və “Siçan və Pişik” isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunub.
Tədbir çərçivəsində baş tutacaq ustad dərslərini görkəmli animasiya ustası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, animasiya rejissoru və rəssamı Elçin Hami Axundov və rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri, “Azərbaycan animasiyası” kitabında animasiya tariximizi qələmə alan Rəşid Ağamalıyev aparacaq.
“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə isə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə və “ANİMAFİLM Gəncədə” və “ANİMAFİLM Lənkəranda” tədbirləri baş tutub.