

2025-ci il, noyabrın 28-də Xankəndi və Laçın şəhərlərində “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları keçirilib.
8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərkib hissəsi olan festivallar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi çərçivəsində baş tutub.
Layihə çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmiş “Bum-bum” qısametrajlı animasiya filminin təqdimatı və animasiya filminin ərsəyə gəlməsində keçilən yollar haqqında ustad dərsləri təşkil olunub.
“ANİMAFİLM Xankəndidə” tədbiri 1 nömrəli körpələr evi-uşaq bağçasında keçirilib, “8-ci ANİMAFİLM Festivalının treyleri”, “Yer və Ay”, “Siçan və Pişik” və “Bum-bum” animasiya filmləri nümayiş olunub və 60 nəfərdən ibarət bağça uşaqları ilə müzakirə təşkil edilib. Müzakirədə Assosiasiyanın sədri Rəşid Ağamalıyev, Assosiasiyanın üzvləri – rejissor Elçin Hami Axundov, sseanri müəllifi Gülşən Hüseynova, Xankəndi şəhəri 1 nömrəli kötpələr evi-uşaq bağçasının müdiri Gülmira Eyniyeva və bağçanın müəllimi Xuraman Əliyeva iştirak ediblər.
“ANİMAFİLM Laçında” Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Bakı Abadlıq Xidmətinin, “HoçazFilm” kinostudiyasının dəstəyi ilə “LACINEMA” Laçın Kino Mərkəzində baş tutub. Tədbirdə 200 nəfərdən çox tamaşaçı, o cümlədən Laçın şəhər 2 nömrəli məktəbin, Zabux və Sus kənd orta məktəblərinin şagirdləri iştirak ediblər. Tamaşaçılar əvvəlcə “8-ci ANİMAFİLM Festivalının treyleri”, “Həmişəyaşıl”, “Hədis”, “Tarix”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay”, “Narqız”, “Siçan və Pişik”, “Yulaf dönərgə” və “Bum-bum” animasiya filmlərini izləyiblər. Müzakirədə “HoçazFilm” kinostudiyasının direktoru Amil Məmibəyli (Amil Amal), Assosiasiyanın üzvləri – rejissor Elçin Hami Axundov, sseanri müəllifi Gülşən Hüseynova və səs aktyoru Sərxan Nəciyev iştirak ediblər. Müzakirədən sonra Rəşid Ağamalıyev “İsi və Piti” animasiya serialının yaradılmasına dair ustad dərsi keçib.
Qeyd edək ki, “Narqız”, “Yer və Ay” və “Yulaf dönərgə” filmləri Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA), “Tarix” və “Siçan və Pişik” isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunub.
“Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını təşkil edir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl layihə çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə isə “ANİMAFİLM Naxçıvanda”, 2024-cü ildə “ANİMAFİLM Lənkəranda”, 2025-ci ildə isə və “ANİMAFİLM Gəncədə” və “ANİMAFİLM Lənkəranda” tədbirləri baş tutub.