

Dekabrın 7-də saat 10:30-da Nizami Kino Mərkəzində, ATA Festivalı və Baku Cinema Breeze çərçivəsində türkdilli ölkələrin bir sıra animasiya filmləri nümayiş etdirilib.
Proqramda “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” filmləri ilə yanaşı, “Yer və Ay” animasiya filminin yerli premyerası da təqdim olunub.
“Yer və Ay” filmi Özbəkistanın “DIP Animation” və Azərbaycanın “PERİ FİLM” studiyaları tərəfindən hazırlanıb. Layihə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), “DIP Animation” və “ANİMAFİLM Studio”nun maliyyə və texniki dəstəyi ilə istehsal edilib.
Qeyd edək ki, “Yer və Ay” animasiya filmi Özbəkistanda və Azərbaycanda ilk beynəlxalq birgə istehsaldır (ko-koprodakşn).
Premyeradan sonra filmin yaradıcı heyəti – rejissor və prodüser Pavel Kim (Özbəkistan), prodüser Rəşid Ağamalıyev, montajçı Emil Şiran, animator Mehriban Əliyeva və redaktor Gülşən Hüseynova tamaşaçıların suallarını cavablandırıblar. Müzakirədə həmçinin ATA-nın sədri və ATA Festivalının direktoru Oqtay Yusibov və aktyor Qurban Məsimov iştirak ediblər.