

Dekabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyeva Azərbaycan Animasiya Assosiasiyasının Animasiya Evinin qonağı olub, “ANİMAFİLM Studio”nun əməkdaşları ilə görüşüb.
Bu barədə məlumatı “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin sədri, “ANİMAFİLM Studio”nun və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor və prodüser Rəşid Ağamalıyev məlumat verib. O bildirib ki, “Leyla xanımın studiyaya gəlişi, Assosiasiyasının üzvləri – tanınmış animasiya rejissoru və rəssamı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundovla, studiyanın əməkdaşları ilə səmimi görüşü, bizimlə birlikdə animasiya kino sənətinin inkişafını müzakirə etməsi hamımızda böyük ruh yüksəkliyi yaradıb. Biz Leyla xanıma studiyada çəkilmiş yeni filmləri təqdim etdik. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş “Bum-bum”, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən post-prodakşn mərhələsi maliyyələşdirilmiş Azərbaycan və Özbəkistan animasiya ustalarının birlikdə çəkdikləri “Yer və Ay”, Azərbaycan, Polşa və Almaniya animasiya ustalarının birgə istehsalı olan “Yulaf dönərgə” qısametrajlı animasiya filmlərinə baxıb”.
Leyla xanım Əliyeva həmçinin “ANİMAFİLM Studio” tərəfindən istehsalına başlanmış “İsi və Piti” adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları ilə tanış olub. Filmin rejissoru Rəşid Ağamalıyev serial haqqında məlumat verib və uşaqlara Azərbaycanı, onun milli mədəni dəyərlərini, hazırda inkişafda olan sənət sahələrini tanıdacaq yeni serialın maarifləndirici əhəmiyyətindən bəhs edib. Leyla xanım filmlə bağlı öz dəyərli tövsiyələrini bildirib və 2026-cı ildə bu serialın uşaqlar üçün gözəl hədiyyə olacağına inamını ifadə edib.
Azərbaycan Animasiya Assosiasiyasının 2026-cı ildə görəcəyi işlər, may ayında baş tutacaq IX ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mövzu və hədəfləri müzakirə mövzusu olub.
Sonda Leyla xanım Əliyeva Assosiasiyaya arılar motivi əsasında işlədiyi dekorativ-tətbiqi sənət əsərini hədiyyə edib və Assosiasiyanın rəhbəri Rəşid Ağamalıyev ona “İsi və Piti” serialının növbəti seriyasının məhz arıçılıq peşəsinə həsr olunacağını bildirərək bu əsərin onlar üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirib.