Gülşən Tofiqqızı

Ssenari müəllifi, yazıçı, redaktor, rəssam

Tərcümeyi-hal:

Gülşən Tofiqqızı (Gülşən Tofiq qızı Abdullayeva) 4 noyabr 1953-cü ildə Bakı şəhərində anadan olub. Gülşən xanım M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) və Komsomolun 50 illiyi adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) nəzdində iki illik ali dil kurslarını fars dili üzrə bitirib. O, paralel olaraq Dövlət Radio Komitəsinin xaricə yayımlanan proqramlarında ştatdankənar müxbir kimi çalışıb, incəsənət və mədəniyyət haqqında məqalələr, oçerklər yazıb.

Əmək fəaliyyətinə 1971-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əvvəlcə quraşdırılmış səhnələr üzrə rəssam və animasiya üzrə fazaçı-rəssam kimi başlayıb, sonra isə “Azanfilm” Yaradıcılıq Birliyində böyük redaktor vəzifəsində çalışıb. 2008-ci ildən bu günə qədər ssenari müəllifi kimi animasiya filmləri istehsal edən yaradıcı birliklərlə əməkdaşlıq edir.

Onun ssenariləri əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən filmlər bunlardır: “Cəsur təyyarə”, “Tırtılın arzusu”, “İlbizin evi”, “Fitnəkar milçək” (“Müzür”), “Xeyirxah kirpi”. Qeyd etmək lazımdır ki, Gülşən Tofiqqızının ssenari müəllifi olduğu “Fitnəkar milçək” animasiya filmi Soçi şəhərində (Rusiya Federasiyası) keçirilmiş “Qızıl balıq” 16-cı Beynəlxalq Festivalında mükafata layiq görülüb.

Gülşən Tofiqqızı Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin, Kinematoqrafçılar Birliyi Konfransının və “Yeni müasir” Beynəlxalq Yazıçılar İttifaqının üzvüdür.

17 hekayələr toplusunun müəllifi, çoxsaylı beynəlxalq və yerli müsabiqələrin qalibidir. Onun əsərləri mütəmadi olaraq “Literaturnı Azerbaycan” (“Литературный Азербайджан”) jurnalında dərc olunur. “Mənim ailəm” (“Моя семья”) (Rusiya) jurnalı isə müəlliflə rəsmi müqavilə əsasında əməkdaşlıq edir.

Gülşən Tofiqqızının hekayələri Azərbaycanda rus dili təlimli ümumi təhsil üzrə tədris planına və ədəbiyyat dərsliklərinə daxil edilib.

2024-cü ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.