Rejissor, rəssam, animator, ssenari müəllifi, yazıçı
Tərcümeyi hal:
Məsud Pənahi 10 yanvar 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. Yazıçı və şair Abbas Pənahi Makulu onun atası olub. 1946-ci ildə Pənahi ailəsi ilə Bakıya köçüb.
Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb.
1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir.
1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” multfilminə görə iştirak diplomu ilə təltif edilib.
1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-a yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş̧ və Xocalı şəhərində baş vermiş̧ faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.
2018-ci ildə Məsud Pənahi 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.
Linklər:
Məsud Pənahi ilə müsahibə – YouTube
Məsud Pənahi ilə müsahibə – “BAKU” jurnalı (rus dilində)
Filmoqrafiya (Azərbaycanda çəkilən filmlər):
- “Bulud niyə ağlayır?” (1973) – rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- “Pıspısa xanım və Siçan bəy” (1974) — rejissor, quruluşçu rəssam
- “Günlərin bir günündə…” (1975) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- “Pəncə… Qulaq… Palaz… Tikan…” (1976) — rejissor, quruluşçu rəssam
- “Dınqıl sazım, dınqıl” (1976) — rejissor, quruluşçu rəssam
- “Şah və xidmətçi” (film, 1976) — quruluşçu rəssam
- “Xoruz” (film, 1977) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- “Qız qalası əfsanəsi” (film, 1978) — rejissor
Filmoqrafiya (Almaniyada çəkilən filmlər):
- “Ev” (1980, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Mətbəx əşyalarının bəhsi” (1981-1982, animasiya seriyalı) – 6 seriyanın rejissoru
- “Ayaqqabı oğrusu” (1982, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Zooparkda heyvanların mübahisəsi” (1982-1983, animasiya seriyalı) – 7 seriyanın rejissoru
- “Maks və Moris” (1983, animasiya seriyalı) – 7 seriyanın rejissoru və quruluşçu rəssamı
- “Xoruz döyüşü” (1984, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssamı, animator
- “Buludlu, mavi” (1984, ,qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam, animator
- “Şərq nağılları” (1985, animasiya seriyalı) – 3 seriyanın rejissoru və quruluşçu rəssamı
- “Görünməz papaq” (1987-1989, animasiya seriyalı) – 26 seriyanın rejissoru, quruluşçu rəssamı
- “Sonuncu alma” (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Şaxta babanın nəvəsi” (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- “Donky” (1993, animasiya seriyalı) – 1 seriyanın rejissoru, quruluşçu rəssam və animator
- “Üç muşketyor” (1994, qısametrajlı animasiya filmi) – rejissor
- “Tobias and His Lion” (1999, tammetrajlı animasiya filmi) – animator
- “The Little Polar Bear” (2001, tammetrajlı animasiya filmi) – animator
- “The Little Polar Bear: Lars and the Little Tiger” (2002, tammetrajlı animasiya filmi) – animator, vizual effektlər
- “The Little Polar Bear: The Dream of Flying” (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “The Little Polar Bear – Nanouk’s Rescue” (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “The Little Polar Bear: A Visitor from the South Pole” (2004, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- “Pozulmuş sülh” (2012, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam