1-ci ANİMAFİLM Festivalının təşkilatçıları festivalın nəticələrinə bir daha nəzər salmaq, gələn festivaldan danışmaq və ən əsası, Azərbaycan animasıyasını tanıtmaq məqsədilə bu ilin martın 23-də Çexiya Respublikasinin Praqa şəhərində “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir keçiriblər. Tədbir “OLIEL Company” və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqanın “Kino Pilotů” kinoteatrında keçirilib.
Tədbirdə ən yaxşı xarici və Azərbaycan cizgi filmləri nümayiş etdirildi və xaricdə ilk dəfə “Azərbaycan animasiyası” kitabı təqdim olundu. Tədbirdə tək Azərbaycandan deyil, bir sıra xarici ölkələrdən də qonaqlar iştirak edirdi. Əsas iştirakçılar isə təbii ki, Çexiya animasiyası mütəxəssisləri idi, demək olar ki, Çexiyanın sanballı animasiya icması bu tədbirdə iştirak edirdilər. “ANİMAFİLM” festivalının direktoru Rəşid Ağamalıyev çıxış edərək qeyd etdi ki, bu tədbir ilk növbədə Azərbaycan və Çexiya animasiyası arasında münasibətləri daha da yaxınlaşdırdı və mədəniyyətlərimiz arasında birbaşa dialoq yaratdı.