Azərbaycan Animasiya Assosiasiyası 15 dekabr 2021-ci ildə bir qrup animasiya peşəkarları tərəfindən yaradılmış qeyri-hökumət təşkilatıdır. Birlik rəsmi olaraq 19 aprel 2022-ci ildə qeydiyyata alınsa da, fəaliyyətə 2016-ci ildən başlayıb.

2016

“Azərbaycan animasiyası” kitabı üzərində iş başlanılıb. Kitab elmi-populyar üslubda yazılıb və 30-cu illərdən başlayaraq bu günlərədək bir incəsənət növü olaraq animasiyanın ölkəmizdə inkişaf tarixindən söz açır. Kitab üzərində Azərbaycan, Türkiyə, Rusiya, Çexiya və İrandan olan 13 kinoşünas birgə işləyib.

2017

Dekabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Müasir Azərbaycan animasiyası” mövzusunda konfrans təşkil olundu. Konfransda animasiya studiyalarının təmsilçiləri, rejissor, prodüser, rəssam və kinoşunaslar – Rəşid Ağamalıyev, Elçin Hami Axundov, Sultan Abbasbəyli, Firəngiz Qurbanova, Elçin Orucov, Ağarəhim İbrahimov, Mansur Şəfiyev milli animasiyanın hazırkı vəziyyətini müzakirə etdilər. ANİMAFİLM festivalının yaradılması haqda ilk fikirlər məhz bu konfransda səslənib.

2018

Yanvarın 5-də “Azərbaycan animasiyasının gələcəyi” mövzusunda birinci dəyirmi masa təşkil olundu. Tədbirdə Rəşid Ağamalıyev ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının layihəsini iştirakçılara təqdim edərək, onun Bakıda keçirilməsini təklif etdi. Tədbirdə “Azanfilm”, “Birlik”, “Sultan”, “Qurama”, “Harmony of Chaos” animasiya studiyalarının nümayəndələri iştirak edirdilər. Tədbirə, həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, jurnalistlər, müstəqil rejissorlar, uşaq psixoloqları, hüquqşünaslar və yazıçılar da qatılmışdılar.

11-16 iyun tarixlərində Fransada keçirilən Annecy Beynəlxalq Animasiya Festivalında ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının layihəsini təqdim etdik. Azərbaycan MIFA-da CEE ANIMATION (Mərkəzi və Şərqi Avropa Animasiyası) təşkilatının dəstəyi ilə təmsil olundu.

19-21 oktyabr tarixlərində 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı baş tutdu. Festivalın mövzusu “Azərbaycan animasiyası” idi. Festival çərçivəsində milli animasiya tarixinə həsr olunmuş “ReAnimasiya” sərgisi, uşaqlar üçün kukla teatrı, fortepiano konserti, müəlliflərin iştirakı ilə ən yaxşı azərbaycan, gürcü və iran animasiya filmlərinin retrospektiv nümayişi, həmçinin, Rusiya, Çexiya, Almaniya və Gürcüstandan olan professionalların uşaqlar üçün master-klasları həyata keçirildi. Unudulmaz 3 gün ərzində uşaq və böyüklər 17 ölkəni təmsil edən 20-dən artıq filmdən ibarət zəngin müsabiqə proqramını izləmək imkanı qazandı. 1-ci ANİMAFİLM festivalında 20 xarici və 500-ə yaxın yerli qonaq iştirak etdi.

2019

Martın 23-də Çexiyanın Praqa şəhərində 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının əks-sədası adlı tədbir təşkil olundu.

Aprelin 14-də ANİMAFİLM festivalının təşkilatçıları Bakıda fəaliyyət göstərən Landau məktəbinin şagirdlərilə görüşdü.

Sentyabrın 20-də Yunanıstanda Animasyros Beynəlxalq Animasiya Festivalında “Azərbaycan animasiyasının 50 illiyi” proqramı ilk dəfə nümayiş etdirildi.

14-18 oktyabr tarixlərində 2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı təşkil olundu. Budəfəki festivalın əsas mövzusu Çexiya animasiyası idi. Bu mövzu çərçivəsində uşaq və böyüklər üçün ən yaxşı çexiya multfilmləri nümayiş etdirildi. Festival gedişində Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans, yunan və fransız professionallarının aparıcılığı ilə animasiya vörkşopları keçirildi. “Ən yaxşı uşaq animasiya filmi” kateqoriyası üzrə nominasiyanı qiymətləndirmək üçün uşaq münsiflər heyəti formalaşdırıldı. Festivalın bağlanış mərasimində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına açıq məktub ünvanlandı. 300 nəfərin imzaladığı məktubda milli animasiyamızın problemləri əks olunmuşdu.

21-26 oktyabr tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən TOFUZI Beynəlxalq Film Festivalında “Azərbaycan animasiyasının 50 illiyi” proqramı nümayiş etdirildi. Festivalda ANİMAFİLM festivalının direktoru Rəşid Ağamalıyev münsif, rejissor Elçin Hami Axundov isə mentor qismində iştirak edirdi.

Noyabrın 10-da Polşanın Lodz şəhərində keçirilən StopTrik Beynəlxalq Animasiya Film Festivalında “Azərbaycan animasiyasının 50 illiyi” proqramı nümayiş etdirildi. Festivalda ANİMAFİLM festivalının direktoru Rəşid Ağamalıyev münsif qismində iştirak edirdi.

21 noyabr ANİMAFİLM Festivalının təşkilatçıları Azərbaycan Fransız İnstitutunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən Bakı Fransız Liseyinin şagirdləri ilə ANİMAFİLM Festivalının əks səda tədbirini keçirib.

2020

Yanvarın 20-si “Sheki Art Club”un dəstəyi ilə “Animafilm Şəkidə” tədbiri təşkil olundu, həmçinin, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ilə gələcək əməkdaşlığımız müzakirə olundu.

Yanvarın 21-də Nizami Kino Mərkəzinin dəstəyi ilə ikinci “Azərbaycan animasiyasinin gələcəyi” dəyirmi masası təşkil olundu. Dəyirmi masa iştirakçıları, dövlət və özəl animasiya studiyalarının əməkdaşları razılığa gəldilər ki, animasiya sahəsində ictimai birliyin yaradılmasına böyük ehtiyac var.

Martda ANIMAFILM School adlı animasiya məktəbi yaradıldı. İlk dərslər oflayn keçirildi, COVID-19-la bağlı karantin başlayandan sonra isə Zoom proqramı vasitəsilə davam etdirildi. Məktəbdə 2020-ci il ərzində stop motion animasiyası üzrə üç kurs təşkil olundu. Animasiya məktəbinin müəllimləri aşağıdakılardır: məktəbin direktoru Nəzrin Ağamalıyeva, animatorlar Aydan Həsənova, Daria Kashcheeva, Firəngiz Bağırova, Məhəmməd Zare, Elçin Axundov və Firəngiz Qurbanova.

Martda, həmçinin, 3-cü ANİMAFİLM festivalını təşkil etmək məqsədilə Toxum.org platformasının dəstəyilə kraudfandinq kampaniyasına başladıldı. Uğurlu kampaniyaya 30 nəfər insan dəstək verdi.

Mayda animasiya filmləri və rolikləri istehsal etmək məqsədilə ANİMAFİLM Studio yaradıldı. İl ərzində “Evdə qal, Pomidor!” qısa animasiya filmi və 3-cü ANİMAFİLM festivalının treyleri çəkildi.

4-18 oktyabr tarixlərində keçirilən 3-cü ANİMAFİLM festivalı ölkəmizdə müharibə dövründə keçirilən tək-tük oflayn mədəni tədbirlərdən biri idi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. Bu dəfə 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırıldı. Festival çərçivəsində 3 teatr vörkşopu, iki günlük kukla animasiyası üzrə master-klaslar və animasiya filmlərinin onlayn nümayişləri oldu.

2021

Yanvarın 31-də “Azərbaycan animasiyasının gələcəyi” adlı sayca 3-cü dəyirmi masa təşkil olundu. Onlayn olaraq təşkil edilən görüşdə animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar, ssenari müəllifləri, bəstəkarlar, animasiya müəllimləri və CGİ mütəxəssisləri iştirak edirdi. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov görüşə qatılaraq iştirakçılara ölkəmizdə aparılan yeni kino islahatlarından bəhs etdi. ANİMAFİLM festivalının direktoru Rəşid Ağamalıyev iştirakçılara “Azərbaycan Animasiya Assosiasiyası” adlı İctimai Birliyin yaradılması haqqında məlumat verdi.

Aprelin 8-ində ANİMAFİLM festivalının təşəbbüsü ilə “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin yaradılması ilə bağlı görüş keçirildi. Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin Beynəlxalq Layihələr və İnnovasiyalar sektorunun müdiri Ramil Abbəkirov qeyri-hökumət təşkilatlarının əhəmiyyəti və onların cəmiyyətə və mədəniyyətə fayda verə biləcəyi haqda söhbət açdı. R. Abbəkirov, həmçinin, animasiya sənayesinin perspektivi haqda da ətraflı məlumat verdi.

14-19 iyun tarixlərində ANİMAFİLM komandası dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olundu. Azərbaycanı festivalda ANİMAFİLM-in təşkilatçıları Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyeva, 3-cü ANİMAFİLM festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil edirdi.

22-27 iyun tarixlərində ANİMAFİLM komandası mərkəzi Avropanın ən böyük animasiya festivalı olan Çexiyanın ANİFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olundu.

3-7 sentyabr tarixlərində canlı formatda 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalda beş gün ərzində 40 ölkədən uşaqlar və böyüklər üçün çəkilmiş 200-ə yaxın müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “Əlillik” idi. Gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən, Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün master-klası və nəhayət Nik Phelps və Nancy Denney-Phelps-in aparıcılığı ilə bəstəkar və səs rejissorlar üçün seminar baş tutdu. Ənənəvi olaraq bu il də uşaq münsifləri fəaliyyətdə idi.

8-12 noyabr tarixlərində ANİMAFİLM festivalının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan təmsilçiləri Tbilisidə “Animated Film Project Pitching” vörkşopunda uştirak etdilər. Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vörkşopun qalibi oldu və bu,  onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırdı. Vörkşop artıq 7-ci dəfədir ki, Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil olunur.

23-25 noyabr tarixlərində Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki “ASAN xidmət” mərkəzində 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri keçirildi. “ANİMAFİLM Şəkidə” tədbirində üç gün ərzində uşaq və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edildi. Tədbir zamanı ən yaxşı filmləri seçmək imkanı tamaşaçıların öhdəsinə buraxıldı. Tədbirdə, həmçinin, Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur animasiya rejissoru Elçin Hami Axundovun uşaqlar üçün “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi təşkil olundu.

Noyabrın 28-də ANİMAFİLM School-un təşəbbüsü və Enteskedu platformasının dəstəyi ilə uşaqlar üçün stop motion animasiya vörkşopu təşkil olundu.

3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə 4-cü ANİMAFİLM festivalı ərzində bilet satışından əldə olunan gəlir Sumqayıt şəhərində yaşayan üç yaşlı Raulun müalicəsinə sərf olunduğu elan olundu.

Dekabrın 10-u ANİMAFİLM School və AZOPÇU platforması tərəfindən təşkil olunan “Stop motion” bir aylıq intensiv kurs başa çatdı. Kurs çərçivəsində türk animator Hasan Pastacı regionlarda yaşayan 8-16 yaşlı uşaqlar üçün stop motion animasiyasının əsaslarını öyrətdi.

2022

Fevralın 6-da ANİMAFİLM festivalının direktoru, rejissor Rəşid Ağamalıyev “2021-ci ildə Azərbaycan Animasiyası. Yekunlar” adlı illik hesabat təqdim etdi.

18-22 aprel tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq Animasiya Forumunda “Azərbaycan animasiyasının 50 illiyi” proqramı nümayiş etdirildi. Festivalda ANİMAFİLM festivalının direktoru Rəşid Ağamalıyev münsif qismində iştirak edirdi. Forumun bağlanış mərasimində tanınmış rejissorumuz Elçin Hami Axundov “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatını qazandı.

19 aprel 2022-ci il tarixində “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.

13-18 iyun tarixlərində Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında ANİMAFİLM-in təşkilatçıları Rəşid Ağamalıyev, Nəzrin Ağamalıyeva və rejissor Cavid Əhədov Azərbaycanı layiqincə təmsil etdilər. Cavid Əhədov 4-cü ANİMAFİLM festivalının qalibi Firəngiz Qurbanovanın “BİRLİK” animasiya studiyasının animatorudur. Onun Annecy-də iştirakı “BİRLİK” studiyasının 4-cü ANIMAFILM festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olmuşdu.

Sentyabrın 7-dən 11-dək “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edildi. Bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Esra Əliyeva açıqladı: “4119 AZN = 412 ağac”.

Sentyabrın 23-ü Azərbaycan Animasiya Assosiasiyası Azərbaycan Yaradıcı Sənayelər Federasiyasına üzv oldu. Bununla bağlı keçirilmiş görüşdə Federasiyanın sədri Vasif Eyvazzadə ilə Azərbaycanda milli animasiyanın inkişafına dair aktual məsələlər müzakirə edildi və konkret layihələr üzərindən birgə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Dekabrın 15-i “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin saytı www.anima.az öz fəaliyyətinə başladı.