2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı təşkilat komitəsi Almaniya, Azərbaycan, Rusiya, İran və Çexiyadan olan peşəkarlardan ibarət münsiflər heyətinin tərkibini elan edib.
İstedadın dəstəklənməsi və animasiya sənətinin irəlilədilməsi meyarlarına əsaslanaraq, festivalda nominasiyaları iki beynəlxalq tərkibli və bir uşaqlardan ibarət yerli münsiflər heyəti – animasiya filmləri və ssenarilər üzrə heyət dəyərləndirəcək.
Bundan əlavə, hər bir tamaşaçı da səs verməklə, animasiya filmlərinin qiymətləndirilməsinə öz töhfəsini verə bilər. Səsvermənin yekununda “Tamaşaçı rəğbəti mükafatı” təqdim ediləcək.
Beynəlxalq münsiflər heyətinə Azərbaycanın tanınmış rejissor-animatoru Məsud Pənahi başçılıq edəcək.
ANİMAFİLM-in təşkilat komitəsinin qərarı ilə festivalda, həmçinin, Azərbaycan animasiyasının inkişafına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı verilməsi nəzərdə tutulub.
Münsiflər heyətinin üzvləri, həmçinin, müsabiqədənkənar və peşəkar proqramlarda da fəal iştirak edəcəklər.
ANİMAFİLM təşkilat komitəsi münsiflər heyətinin hər üç tərkibini təqdim edir:
Rejissor, animator, animasiya rəssamı, ssenari müəllifi Məsud Pənahi 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. Məşhur yazıçı və şair Abbas Pənahi Makulu onun atası olub. 1946-ci ildə Pənahi ailəsi ilə Bakıya köçüb.
Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun məşhur rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb.
1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” multfilminə görə iştirak diplomu ilə təltif edilib. Məsud Pənahi Azərbaycanın kult multfilmi olan “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və siçan bəy”) filminin müəllifidir.
1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60 yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.
2018-ci ildə Məsud Pənahi ANİMAFİLM-in Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” heykəlcik-mükafatı ilə təltif olunub.
1970-ci ildə Bakıda, yaradıcı ailədə anadan olub. 1988-89-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında “Rəssam-animatorlar” kursunda təhsil alıb. 1992-ci ildə təhsilini Sankt-Peterburqda davam etdirib. 2002-2003-cü illərdə Daniil Harmsın “Peterburqlular haqqında 300 əhvalat” əsərinin motivləri əsasında çəkilmiş serialda rejissor və quruluşçu-rəssam kimi özünü sınayıb. 2003-cü ildən “Smeşariki”, “Pin-kod”, “Tima və Toma” seriallarının rejissoru olub. 2010-2011-ci illərdə “Fiksiklər” serialına quruluş verib. 2013-2015-ci illərdə “Uçan heyvan” serialının rejissoru olub. 2017-ci ildən “Pirat məktəbi” serialının rejissoru və “Cosmi academy” serialının aparıcı rejissorudur. Cahangir Süleymanov 1-ci ANİMAFİLM festivalında (2018) beynəlxalq münsiflər heyətində iştirak edib.
Animasiya, rəssamlıq, rəqəmsal incəsənət və küçə sənəti kimi incəsənət sahələrində fəaliyyət göstərən rəssamdır. O, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirib, hazırda rəssamlıqla birgə memarlıq fəaliyyəti ilə də məşğuldur. Azərbaycan, Gürcüstan və Rusiyada keçirilən sərgilərdə, həmçinin YARAT-ın və ARTIM-ın layihələrində iştirak edib. Onun işləri, adətən, Azərbaycan mədəniyyətini ironik və yumoristik tərzdə, güclü qrafik naxışlarda, çarpıcı rənglərdə və vurğulanmış xüsusiyyətlərdə əks olunan insan və heyvan şəkillərindən ibarətdir.
“Continuity” (“Aramsızlıq”) animasiya filminə görə 1-ci ANİMAFİLM festivalının (2018) “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” üzrə mükafatını qazanıb.
Miroslava Yaniçatova Olomouts-da Palatski Universitetinin İncəsənət fakültəsində teatr və kino nəzəriyyəsi və tarixləri üzrə magistr təhsili alıb. Sonra İtaliyanın Udine Universitetində filmlərin bərpası peşəsinə yiyələnib. Yaniçatova Çexiya Animasiya Filmləri Assosiasiyasının və Beynəlxalq Vışeqrad Animasiya Forumunun (hazırda CEE Animation Forum) qurucularından biridir. O, həmçinin, Karlovı Varı Beynəlxalq Kino Festivalının “İndustri” bölməsinin əməkdaşı və Beynəlxalq Anifilm Animasiya Festivalının “İndustri” bölməsinin rəhbəri olub. O, məşhur Çexiya animasiya rejissoru Jiri Trnkanın kuklalarının bərpası üzrə beynəlxalq layihəyə rəhbərlik edib. Miroslava Yaniçatovanın animasiya haqqında məqalələri müntəzəm olaraq “Cinepur” və başqa tanınmış jurnallarda dərc olunur.
Afət İlhamqızı Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycan Dövlət Televiziyasında (AzTV) çalışır. Məşhur Azərbaycan və xarici incəsənət xadimlərindən bəhs edən “Palitra ART” verilişinin ssenari müəllifi, rejissoru və aparıcısıdır. “Azərbaycan animasiyası” adlı silsilə sənədli filmlərin müəllifidir.
Ramiz Fətəliyev 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan tanınmış kino ssenaristi, Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı laureatıdır. 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) nəzdində Ali Rejissorlar və Ssenaristlər Kursunu bitirib. 1985-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, 1986-1995-ci illərdə isə direktor vəzifələrində çalışıb. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub. Onlarla filmin ssenarisini yazmış və rejissorluq etmişdir.
1989-cu il təvəllüdlü. Fotoqraf, ssenarist, animasiya rejissoru, illüstrator. Ərdəbil Tətbiqi Elm və Texnologiya Universitetində (UAST) foto-jurnalistika üzrə bakalavr, Semnan Universitetində tekstil dizayneri üzrə təhsil alıb.
2011-ci ildə Razavi Beynəlxalq Festivalında və Hassanat Festivalında ən yaxşı animasiya mükafatı qazanan “Qarğa” animasiya filminin rejissorudur. Həmin film İtaliyanın FICI Beynəlxalq Uşaq Filmləri Festivalı (2012), Xorvatiyanın VAFI & RAFI Beynəlxalq Uşaq və Yeniyetmələr üçün Animasiya Film Festivalında (2014) müvəffəqiyyətlə təmsil olunub.
2018-ci ildə onun yazdığı “The Nakhkesh” (“Süzülən insan”) ssenarisi 1-ci ANİMAFİLM Bakı festivalının “Qısametrajlı animasiya filmi üzrə ən yaxşı orijinal ssenari” müsabiqəsinin qalibi olaraq “Qızil qayıq” diplom-mükafatı ilə təltif olunub.
Ədəbi tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi. 1969-1974-cü illərdə “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü olub. 1979-cu ildən hazırkı dövrədək “Azərbaycan” jurnalı redaksiyasında müxtəlif vəzifələrdə çalışıb, hazırda jurnalın baş redaktorudur. 1980-ci ildən “Bayatı” ədəbi televiziya almanaxının müəllifidir. Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir. “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və siçan bəy”) filmi üçün Məsud Pənahi ilə birgə ssenari yazmışdir.
Yazıçı-publisist, ssenarist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvidir. 1971-2004-cü illər “Azərbaycanfilm” kinostudiyasında multiplikasiya üzrə rəssam və böyük redaktor vəzifələrində çalışıb. 2004-cü ildən “Azanfilm” animasiya studiyasının ssenaristidir. Onun ssenariləri ilə son illər beş multfilm çəkilib. 80-ci illərdə paralel olaraq Dövlət Radio Komitəsində də ştatdankənar vəzifədə çalışıb. “Новый современник” (“Yeni dövrün adamı”) Beynəlxalq Yazıçılar İttifaqının üzvüdür, Beynəlxalq Litkonkurs.ru saytında yeganə azərbaycanlı qadın olaraq “Şərqin Müdriklik Kraliçası” adına layiq görülüb. Gülşən Tofiqqızı Azərbaycanın keçmiş məşhur milyonçusu Ağa Musa Nağıyevin nəticəsidir.
Gülşən Tofiqqızı çoxsaylı beynəlxalq ədəbiyyat müsabiqələrinin diplomantı, “Ədəbi Azərbaycan” və Rusiyanın “Моя Семья” (“Mənim ailəm”) jurnallarının daimi müəllifidir. İndiyədək onun qələmindən, həmçinin, 20-dək məcmuə və novella çıxıb.
Bilgəh qəsəbəsində yerləşən 11 №-li İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdidir. Məktəbin direktoru Gülnarə Abdullayevanın və animator Elçin Hami Axundovun təşəbbüsü ilə yaradılmış “QURAMA” uşaq animasiya studiyasının şagirdidir. “QURAMA” studiyası nəzdində çəkilmiş “Tomi bahar bayramında” (2017) animasiya filminin müəllifidir.
Hazırda İstanbulda yaşayır. 4-cü sinif şagirdidir, 10 yaşı var. Musiqini və cizgi filmlərini çox sevir, piano çalır, gələcəkdə moda ustası olmaq arzusundadır.
Hazırda Bakıda yaşayır. 257 №-li məktəbin 7-ci sinif şagirdidir. 12 yaşı var. Rəsm çəkməyi və animasiya filmlərinə baxmağı çox sevir. Gələcəkdə animasiya üzrə ixtisaslaşmaq niyyətindədir.
Hazırda Bakının Masazır qəsəbəsində yaşayır. 14 yaşı var. Texniki Humanitar Liseyin 8-ci sinif şagirdidir. Musiqi məktəbinə gedir, piano çalır, şeir və hekayə yazır. “Ağıllı kukla” adlı bir kitabın müəllifidir. Şəkil çəkməyi çox sevir, professional rəssamdan fərdi dərslər alır.
Hazırda Sumqayıtda yaşayır. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdidir, 8 yaşı var. Rəssamlıq ixtisası üzrə təhsil alır. Rəssamlığa və animasiyaya böyük marağı var.