31 yanvar tarixində “Azərbaycan animasiyasının gələcəyi” adlı dəyirmi masa keçirilmişdir. Artıq ənənə halını almış dəyirmi masa üçüncü dəfədir ki, ANİMAFİLM Festivalı tərəfindən təşkil olunur. Onlayn olaraq təşkil edilən görüşdə Azanfilm, Azkinder, 3Dost, Harmony of Chaos və ANİMAFİLM animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar, ssenari müəllifləri, bəstəkarlar, animasiya müəllimləri və CGİ mütəxəssisləri iştirak etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov görüşün xüsusi qonağı qismində iştirak etmişdir. R.Həsənov iştirakçılara ölkəmizdə aparılan yeni kino islahatlarından bəhs etmişdir. ANİMAFİLM Festivalının direktoru Rəşid Ağamalıyev iştirakçılara “Azərbaycan Animasiya Assosiasiyası” (AAA) adlı İctimai Birliyin yaradılması haqqında məlumat verdi. O bildirdi ki, AAA-nın məqsədi milli animasiya sənayəsinin inkişafına töhfə vermək olacaqdır.
8 fevral tarixində ANİMAFİLM Festivalının rəsmi YouTube kanalında rejissor, rəssam, animator, ssenari müəllifi, Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı laureatı (2019) Elçin Hami Axundovla geniş müsahibə yerləşdirildi.
8 aprel il tarixində ANİMAFİLM Festivalının təşəbbüsü ilə “Azərbaycan Animasiya Assosiasiyası” (AAA) ictimai birliyinin yaradılması ilə bağlı görüş keçirilmişdir. Onlayn görüşdə animasiya studiyalarının təmsilçiləri, animasiya peşəkarları, animasiya həvəskarları AAA-nın qurulmasında iştirak etməyə maraqlarını ifadə etdilər. Görüşdə Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin Beynəlxalq Layihələr və İnnovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak etmişdir. O, qeyri-hökumət təşkilatlarının əhəmiyyəti və onların cəmiyyətə və mədəniyyətə fayda verə biləcəyi haqqında söhbət açmışdır. R.Abbəkirov həmçinin animasiya sənayəsinin perspektivi haqqında da geniş məlumat vermişdir.
14-19 iyun tarixləırində ANİMAFİLM komandası dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olundu. Animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı ANİMAFİLM-in direktoru Rəşid Ağamalıyev, III ANİMAFİLM festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil etdi. Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki ANİMAFİLM festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün oldu. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı olmuşdur.
22-27 iyun tarixlərində ANİMAFİLM komandası mərkəzi Avropanın ən böyük animasiya festivalı olan Çexiyanın ANİFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olundu.
26 iyul tarixində ANİMAFİLM Studiyası tərəfindən hazırlanmış “Sara, hara?” iki bölümlü animasiya filmi YouTube-da nümayiş edildi. Rejissor və prodüser Vəfa Əli, icraçı prodüser Rəşid Ağamalıyev, rəssam Nəzrin Ağamalıyeva, animatorlar Mehdi Khorushy və Maryam Rouhbakhsh, bəstəkar Ramin Kuliev, redaktor Günel Eminli. Film Bakıdakı İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə hazırlanıb.
25 avqust tarixində ANİMAFİLM Studiyası tərəfindən hazırlanmış IV ANİMAFİLM Festivalının treyleri sosial şəbəkələrdə yerləşdirildi. Treyler Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kreativ Azərbaycan Platformasının dəstəyi ilə çəkilmişdir. Rejissor və rəssam Hasan Pastacı, rəssam Nəzrin Ağamalıyeva, bəstəkar Ramin Kuliev, prodüser Rəşid Ağamalıyev.
3-7 sentyabr tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi. Gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün masterklası və Nik Phelps və Nancy Denney-Phelps tərəfindən bəstəkarlar və səs rejissorları üçün seminar baş tutdu. IV ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Məsud Pənahi (Azərbaycan), Olivier Catherin (Fransa), Nancy Denney-Phelps və Nik Phelps (Belçika), Mariam Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Piotr Kardas (Polşa), Mehdi Khorushy və Maryam Rouhbakhsh (İran) kimi peşəkarlardan ibarət olub. Nancy Denney-Phelps münsiflər heyətinin sədri idi. Ənənəvi olaraq bu il də festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 18 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” kateqoriyalar üzrə iki qalib seçdilər. Sentyabrın 7-də ANİMAFİLM festivalının bağlanış mərasimində qaliblər elan olundu. Bu il “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” təsvir rejissoru Ramiz Ağayev festivalın “Qızıl qayıq” mükafatına layiq görüldü. Bu il ANİMAFİLM Festivalına aşağıdakılar dəstək verdi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Kreativ Azərbaycan portalı, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, Salaam Sinema, “Hadigro” şirkəti, “Mr Chemical” şirkəti, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Məkanı, Polşa Respublikasının Bakıdakı səfirliyi, “Ritual Mobil Theater Laboratory” teatr platforması, “Seni” şirkəti, “Kekalove Adaptive Fashion”.
25 oktyabr tarixində “Animation World Network” adlı dünyanın ən böyük animasiya portalında IV ANİMAFİLM Festivalı haqqında geniş məqalə dərc olundu.
Noyabrda “БАКУ” jurnalının № 86 saylı buraxılışında ANİMAFİLM Festivalının direktoru Rəşid Ağamalıyevшт fəaliyyəti haqqında geniş müsahibəsi dərc olunub.
8-12 noyabr tarixlərində ANİMAFİLM Festivalının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan iştirakçıları Tbilisidə “Animated Film Project Pitching” vörkşopuda təmsil olundu. Firəngiz Bağırova və Leyli Salayevanın “Sonuncu lələk” layihəsi vorkşopun qalibi olmuşdur və onlara 2022-ci ildə Fontevroda (Fransa) bir aylıq rezidensiya proqramında iştirak etmək hüququ qazandırıb. Vorkşop artıq 7-ci dəfədir ki, Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil olunur.
23-25 noyabr tarixlərində IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri Şəki “ASAN xidmət” mərkəzində keçirilmişdir. “ANİMAFİLM Şəkidə” tədbirində üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edilib. Tədbir zamanı ən yaxşı filmləri seçmək imkanı tamaşaçıların öhdəsinə buraxılmışdır. Həmçinin, tədbirində Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur animasiya rejissoru Elçin Hami Axundovun uşaqlar üçün “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi təşkil olunmuşdur. Tədbirin son günündə ANİMAFİLM Festivalının direktoru Rəşid Ağamalıyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, növbəti il keçiriləcək V ANİMAFİLM Festivalının da məhz Şəkidə keçirilməsi planlaşdırılır..
28 noyabr tarixində ANİMAFİLM School təşəbbüsü və Enteskedu platformasının dəstəyi ilə uşaqlar üçün stop motion animasiya vorkşopu təşkil olundu. Müəllim İmran Xəlilov ANİMAFİLM məktəbinin tələbələrinə plastilin texnikalarını izah edərək, peşəkar stop motion Dragonframe proqramında və foto kamerada işləməyi öyrətmişdir.
3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günündə elan olundu ki, IV ANİMAFİLM Festivalı ərzində bilet satışından əldə olunan gəlirin məbləği 550 AZN təşkil etmişdir. Bu məbləğ Sumqayıt şəhərində yaşayan üç yaşlı Raulun müalicəsi üçün istifadə olunmuşdur.
Dekabrın 10 ANİMAFİLM School və AZOPÇU platforması tərəfindən təşkil olunan “Stop Motion” bir aylıq intensiv kursu bitmişdir. Kurs çərçivəsində türk animator Hasan Pastacı regionlarda yaşayan 8-16 yaşlı uşaqlar üçün stop motion animasiyasının əsaslarını öyrətmişdir.
12 dekabr tarixində ANİMAFİLM Festivalının rəsmi YouTube kanalında təsvir rejissoru, Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı laureatı (2021) Ramiz Ağayev ilə geniş müsahibə yerləşdirildi.
17 dekabr tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Naməlum Azərbaycan animasiyası” adlı animasiya film gecəsi baş tutub. Tədbirdə ANİMAFİLM Festivalının təşkilatçıları və ANİAMFİLM Məktəbinin tələbələri iştirak etdilər. Həmçinin, “Azərbaycan animasiyası” kitabı təqdim olunub.