Animasiyanın dillər əzbəri olan yunan mifologiya qəhrəmanı, eşq tanrısı Erosla (yun. Ἔρως) nə əlaqəsi var? Suala cavab tapmaq üçün antik dövrə baş vurmalı olduq.
Animasiya (fr. Animation – canlanma, canlandırma) sözünün kökü olan anima insanlara ta qədimdən məlumdur. Hələ bizim eranın II əsrində yaşamış qədim roma yazıçısı və şairi, filosof Apuley (lat. Apuleius) latın dilində yazdığı məşhur “Metamorfozalar” (“Qızıl eşşək”) romanında Animadan bəhs etmiş, onu Erosla birgə yüz illərlə dillərdən düşməyən ədəbiyyat və incəsənət qəhrəmanına çevirmişdir.
Anima (yunan əsatirlərində Psixeya və ya Psixe (yun. Ψυχή, ing. Psyche, rus. Психея – “can”, “ruh”, “nəfəs”)) – qədim yunan və roma mifologiyasında canın (ruhun), nəfəsin təcəssümü; kəpənək qanadlı qız şəklində təsvir olunub.
Apuley əsərində o zamanın dəbi kimi (görünür, həm də, müəlliflik haqqı ödəməkdən qaçmaq üçün 🙂 ) yunan mifologiya qəhrəmanlarının adlarını dəyişib, Eros əvəzinə Kupidon (lat. Cupido), Afrodita əvəzinə Venera və Psixeya əvəzinə Anima adından istifadə edib. Qeyd edək ki, Erosun (başqa səslənmədə Erot, erotika termininin kökü) həm də Amur (lat. Amor) adı geniş yayılıb.
Apuleyə görə anima sözünün tərcümə mənası sadəcə “can” və “ruh” deyil, həm də “həyat nəfəsi”, “animasiya edən, canlandıran” kimi ifadə edilib. Apuleyin yazdıqlarının hərfi tərcüməsi tamamilə alleqorik xarakter daşıyır: “Eşq Ruha dedi: mənə baxmağa cəsarət etməyəsən, ha”, “Ruh Eşqdən qaçdı” və s.
Erosun özü sonradan İntibah və Barokko rəssamları tərəfindən gülümsər, yanaqları çuxurlu, zirək, qanadlı məlaikə şəklində (bəzən gözləri sarğılı oxatan dəliqanlı) təsvir edilmişdir. Yunanların özləri üçünsə Eros çox şeyə qadir yetkin bir gənc olub.
Apuleyin az qala 1900 il bundan əvvəl qələmə aldığı Eros və Anima mifi haqqında məşhur romanı müxtəlif şairlər, yazıçılar, bəstəkarlar və təbii ki, rəssamlar tərəfindən interpretasiya olunmuşdur, hələ də olunmaqdadır. Bu nağıl-hekayə Qərb təfəkkürünə, folklor ədəbiyyatına və incəsənətinə həddən artıq təsir göstərib. Bu mif barədə o qədər çox ədəbi əsərdə söhbət gedib, o mövzuda o qədər musiqi əsərləri yazılıb, rəsmlər və divar freskaları çəkilib ki, onları burada sadalamaq uzun vaxt aparardı. Ona görə bu işi oxucuların öz öhdəsinə buraxırıq, hər kəs İnternetdən müstəqil şəkildə öz zövqünə uyğun materiallar tapıb oxuya, baxa və dinləyə bilər.
Eros və Anima əfsanəsinin özü çox ibrətamiz və təsirli olduğu üçün onun adaptasiya olunmuş versiyasını diqqətinizə çatdırırıq.
Qədim zamanlarda Aristid adlı bir kral, Damarid adlı kraliça və onların üç gözəl qızı varmış. Böyük qızların – Kalanta və Zonanın gözəlliyinə hamı heyran qalıbmış, lakin Anima adlı ən kiçik qız isə o qədər gözəl və cazibədar imiş ki, insanlar uzaq ölkələrdən onu görməyə gəlirlərmiş, bir çoxları həmin krallıqda populyar olan Veneraya ibadət etməkdən əl çəkib əvəzinə bu qızı ilahiləşdirməyə başladılar. Venera qəddar, paxıl, qısqanc və intiqamçı bir ilahə olduğundan, baxmayaraq ki, Anima ölümlü [insan] idi – buna dözə bilmədi. Qızdan intiqam almaq üçün oğlu Erosu çağırıb:
“Bir kifir qaban tap, dünyanın ən murdar və ən eybəcər qabanı olsun. Get Animanın sarayına, onu oxla vur və elə et ki, o həmin qabanı görsün”.
Burada haşiyə çıxıb qeyd edək ki, mifologiyaya görə Erosun gümüş oxları kimə batırdısa, o, həmin an ilk gördüyünə aşiq olurdu.
Anasının şıltaq davranışlarına öyrəşmiş Eros ona ləzzət edəcək olduqca gülməli bir missiyaya razılıq verib yola düzəldi, onu maraq götürmüşdü, görəsən, gözəl bir qız kifir, çirkin bir donuza necə aşiq olacaq.
O, saraydan bir qədər aralıda yaşayan bir donuz saxlayandan ən tüklü və iy verən bir qaban aldı və axşam Animanın yatdığı otağın pəncərəsinin altına gətirdi. Füsunkar qamətli eşq tanrısı səs-küy salmamaq üçün qabanı qoltuğuna aldı və pəncərəyə qalxdı.
Bu zaman eyni anda bir neçə hadisə baş verdi.
Eros pəncərədən ay işığı düşən yataq otağına rahat girə bildi. Anima mışıl-mışıl yatmışdı. Eros qabanı ayaqlarının arasına aldı ki, qaçmasın, əlini kürəyinə atıb ox qabından ox çıxarmaq istədi. Bu zaman qaban xortuldadı. Səsdən diksinən Eros oxun yayını çəkmək istəyərkən oxun ucluğu əlinə batdı, incə məxluq ağrıya dözə bilməyib ufuldadı.
Səsə Anima oyandı və şam yandırdı. Eros şam işığında Animanı gördü və bir könüldən, min könülə ona aşiq oldu.
Eşq tanrısı olasan – özün də insana aşiq olasan. Çox güman, düşündünüz ki, bundan sonra Eros Animanı oxla vurub özünü ona göstərəcək və beləliklə hər şey xoşbəxt sonluqla bitəcək?! Təəssüf ki, elə olmadı, sanki seriallarda olduğu kimi, Eros hekayəni burada bitirməyə tələsmədi, maraqlı yerində növbəti seriyaya saxladı.
Çünki Erosun eşqi o qədər səmimi, o qədər saf idi ki, Animanı aldatmağı ağlına belə gətirmədi. Son dəfə kədər və həsrətlə ona baxdı, arxaya dönüb pəncərədən qaranlığa atıldı.
Anima yataq otağında dövrə vurub qaçan kifir qabanı gördü, amma bunu yuxu zənn edib, şamı söndürdü və yuxuya getdi…
Bütün sevgi nağıllarında olan kimi Anima və Eros toy edib bir-birinə qovuşub xoşbəxt həyata qədəm qoyana qədər hələ çox zülmlər çəkdilər, macəralar yaşadılar.
Animanın qəddar qaynanası Veneranın onun başına gətirdikləri azmış kimi, olduqca paxıl, hiyləgər və xəbis bacıları cütlüyə qarşı məkrli planlar qurdular, onların taleyi hətta tükdən asılı oldu, lakin xoşbəxt sonluqlu nağıllardakı kimi burada da nəticədə xeyir şərə qalib gəldi və Anima Erosla evləndi, tanrıların tanrısı Zevs şəxsən özü onlara xeyir dua verdi, qızı Veneranı yola gətirdi. Anima Zevsin fincanından sehrli ətirşahdan içib daim cavan, ölümsüz həyata qovuşdu, ona ilahə statusu verildi, bir il keçməmiş isə onların Volupiya (yunan və roma əsatirlərində həzz və zövq tanrısı) adlı qızları oldu. Anima və Eros bu günədək də xoşbəxt həyat sürürlər.
P.S. Anima termininin başqa bir mənası da var. İsveçrəli psixiatr və pedaqoq Yunq (Carl Gustav Jung, 1875 – 1961) anima terminini qadın cinsi ilə əlaqəli arxetiplərə istinad etmək üçün psixologiyaya daxil edib. Yunq hesab edirdi ki, anima kişi psixikasının qadın hissəsi, bütün qadın psixoloji meyllərinin təcəssümüdür. Bir sözlə, anima kişilər üçün qadın şəxsləndirməsidir.
Qeyd:
1-ci freska: Eros yataq otağına girib ilk dəfə Animanı görür. Müəllif: Moritz von Schwind
2-ci freska: Anima qadağaya baxmayaraq çıraq yandırıb sevgilisi Erosu seyr edir. Müəllif: Moritz von Schwind
Mənbə:
Apuleius, „Amor und Psyche“, „Philipp Reclam“ nəşriyyatı, Leipzig, 1981
Müəllif:
Rafiq Məmmədli, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyinin əməkdaşı, mammadli@yahoo.com
Saytdakı materiallardan istifadə edildikdə istinad mütləqdir. Material vebdə istifadə edildikdə müvafiq keçidin [linkin] qoyulması mütləqdir.